Türkiyə MMN AR-GE Mərkəzi Türkiyənin milli raketi YILDIRIMHAN-ı SAHA 2026-da təqdim edib - VİDEO

2026/05/thumb-1778003079.jpg
Oxunub: 918     21:43     05 May 2026    
Türkiyənin Milli Müdafiə Nazirliyinin AR-GE Mərkəzi tərəfindən hazırlanan milli raket YILDIRIMHAN SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində təqdim olunub.

Ordu.az xəbər verir ki, təqdimat proqramında Türkiyənin müdafiə naziri Yaşar Gülər iştirak edib.

Tədbir “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunub.

Gülər çıxışında təqdim olunan məhsulların ölkə və ordu üçün faydalı olmasını arzulayıb.

O bildirib ki, Türkiyənin müdafiə sənayesi həyata keçirilən investisiyalar nəticəsində istehsal gücünü artırıb və yüksək texnologiyalara əsaslanan AR-GE ekosisteminə çevrilib.

Nazir qeyd edib ki, bu səviyyəyə uzunmüddətli planlaşdırma, qətiyyətli siyasi iradə, davamlı inkişaf yanaşması və güclü koordinasiya nəticəsində nail olunub.

“Bu gün əldə etdiyimiz nəticələr qürurvericidir, lakin texnologiyanın sürətlə inkişafı və ehtiyacların artması daim yenilənməyi zəruri edir. Müdafiə sənayesinin davamlı gücləndirilməsində AR-GE əsaslı fəaliyyətlər həlledici rol oynayır. Nazirliyimiz də Silahlı Qüvvələrin ehtiyaclarının qarşılanması istiqamətində fəaliyyətini qətiyyətlə davam etdirir”, - deyə Gülər bildirib.

Nazir əlavə edib ki, sərgidə nümayiş etdirilən məhsullar bu fəaliyyətlərin nəticəsidir və təqdim olunan texnologiyalar barədə iştirakçılara məlumat verilib.

Təqdimatdan sonra Gülər müdafiə sənayesi məhsullarının, o cümlədən qitələrarası ballistik raket YILDIRIMHAN-ın nümayiş olunduğu stendin açılışını edib.

Məlumata görə, hipersəs raket xüsusiyyətinə malik YILDIRIMHAN “Mach 9”dan “Mach 25”ə qədər sürətə çata bilir və bu xüsusiyyət sayəsində mövcud hava və raketdən müdafiə sistemlərini aşmaq qabiliyyətinə malikdir.

Raket yanacaq kimi maye nitrojen tetroksid istifadə edir və 4 raket mühərriki ilə işləyir.

Müasir döyüş doktrinaları çərçivəsində mühüm güc multiplikatoru hesab olunan sistem yüksək sürət və manevr qabiliyyəti sayəsində hədəfə çataraq qarşı tərəfin erkən xəbərdarlıq və qarşısını alma imkanlarını məhdudlaşdırır.

YILDIRIMHAN 3000 kiloqramlıq döyüş yükü ilə analoqlarından fərqlənir.



Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   YILDIRIMHAN  


Bizi "telegram"da izləyin