Ordu.az xəbər verir ki, sistem partlayıcı döyüş başlığı əvəzinə kinetik təsir və mexaniki parçalama prinsipi ilə işləyərək hədəfi minimal əlavə ziyanla zərərsizləşdirməyi hədəfləyir.
Müasir əməliyyat mühitində xüsusilə şəhər şəraitində döyüşlər, yüksək dəqiqlik tələbi və mülki itkilərin qarşısının alınması kimi amillər klassik partlayıcı sursatlardan daha nəzarətli həllərin ön plana çıxmasına səbəb olur.
NEŞTER bu ehtiyaclara cavab verən yeni konsepsiya kimi təqdim olunur.
ROKETSAN tərəfindən hazırlanmış NEŞTER MAM-L sursatının bir variantıdır və yaxınlaşma sensoru vasitəsilə hədəfə toxunmadan əvvəl aktivləşən xüsusi mexanizmə malikdir.
Bu sistem çarpışma anından əvvəl açılan kəsici elementlər vasitəsilə hədəfə birbaşa mexaniki təsir göstərir.
Partlayıcı maddə istifadə olunmadığı üçün ətraf mühitə təsir minimum səviyyədə olur və yüksək dəqiqlikli nöqtə zərbəsi təmin edilir.
NEŞTER yüksək sürətlə hədəfə yönələrək kinetik enerji ilə təsir göstərir və mexaniki parçalama prinsipi ilə xüsusilə yüksək dəyərli hədəflərə qarşı “cərrahi zərbə” imkanı yaradır.
Bu konsepsiya ABŞ arsenalında yer alan AGM-114R9X “Hellfire” sursatına bənzəyir.
Həmin sistem də partlayıcı döyüş başlığı olmadan yüksək kinetik enerji və mexaniki təsir vasitəsilə hədəfi məhv edir.
NEŞTER-in təqdimatı müdafiə sənayesində nəzarətli güc tətbiqi və yüksək dəqiqlikli nişanalma yanaşmasının inkişafını göstərir.
Sevinc Əliyeva
Ordu.az