Yerli peyk yönəlmə simulyatoru SACSTOR SAHA 2026-da təqdim olunub

2026/05/1777998608.jpg
Oxunub: 553     20:27     05 May 2026    
2026-cı il mayın 5-də TÜBİTAK BİGG investisiyası ilə ODTÜ Texnokentdə yaradılmış akademik startap şirkəti SPACROL Türkiyədə peyk sınaq avadanlıqları sahəsində yerliləşdirilmiş peyk yönəlmə simulyatoru SACSTOR-u SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində təqdim edib.

Ordu.az xəbər verir ki, “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunan sərgi 2026-cı il mayın 9-dək davam edəcək.

“Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşlığı ilə keçirilən tədbirdə SACSTOR yüksək dəqiqlikli ağırlıq mərkəzi təyin etmə funksiyası ilə peyk, raket və pilotsuz uçuş aparatı kimi mürəkkəb sistemlər üçün istifadə oluna bilir.

Sistem 3 ox ətrafında dönmə qabiliyyəti ilə “CubeSat” tipli peyklərin inteqrasiyasına imkan yaradır.

SPACROL şirkəti bu məhsul vasitəsilə Türkiyənin bu sahədə xarici asılılığını aradan qaldırmağı hədəfləyir. Şirkət eyni zamanda “eyləyici” və “sensor texnologiyaları” sahəsində TÜBİTAK dəstəyi ilə elmi-tədqiqat işlərini davam etdirir.

SPACROL-un təsisçisi Mustafa Atakan Afşar bildirib ki, şirkət elektromexaniki dizayn, maye mexanikası və idarəetmə sistemləri sahəsində ixtisaslaşmış komandaya malikdir.

“Hazırladığımız SACSTOR cihazı peyklərin kosmosdakı yönəlmə hərəkətlərini Yer üzərində simulyasiya etməyə imkan verir. Bu sistem sayəsində peyklər Yer şəraitində də kosmos mühitinə bənzər şəkildə sabit vəziyyətdə saxlanıla bilir”, - deyə o qeyd edib.

Afşar əlavə edib ki, bu cihaz yalnız peyklər üçün deyil, həm də raket və pilotsuz uçuş aparatlarının ağırlıq mərkəzinin dəqiq müəyyən edilməsi üçün istifadə oluna bilər.

Onun sözlərinə görə, sistem 3U və 6U ölçülü peyklərin birbaşa inteqrasiyası və sınaqdan keçirilməsinə imkan verir.

Afşar vurğulayıb ki, əsas məqsəd Türkiyənin “əlçatan kosmos ekosistemi”nə töhfə verməkdir və bu məhsul həmin istiqamətdə mühüm texnoloji baza yaradır.

O bildirib ki, bu cür sınaqların Yer üzərində aparılması şirkətlərin AR-GE xərclərini azaltmağa kömək edir və SACSTOR bu mənada xərc baxımından səmərəli həll hesab olunur.

Afşar həmçinin Türkiyədə aviasiya və kosmos mühəndisliyi sahəsində kadr potensialının artdığını və şirkətin həm sənaye, həm də akademik sahədə fəaliyyətini davam etdirdiyini qeyd edib.

“SACSTOR Türkiyədə bu sahədə hazırlanmış ilk məhsuldur və biz bununla fəxr edirik. Məqsədimiz kosmos ekosisteminə töhfə vermək və gələcəkdə sensor və eyləyici kimi kritik texnologiyaları da inkişaf etdirməkdir”, - deyə o bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SACSTOR   SAHA-2026  


Bizi "telegram"da izləyin