Ordu.az xəbər verir ki, “SAHA İstanbul” tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunan SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi çərçivəsində imzalanan müqavilələr müdafiə sənayesi, enerji, dənizçilik və kritik alt sistemlər sahələrində yerli istehsal imkanlarının artırılmasına yönəlib.
“ASPİLSAN Enerji” ilə “Başoğlu Kablo” arasında imzalanan niyyət protokolu EHKET batareyaları üçün silikon örtüyün hazırlanmasını və təchizatını nəzərdə tutur. Layihə çərçivəsində batareyaların ətraf mühitə davamlılığının və təhlükəsizliyinin artırılması, həmçinin müdafiə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən alt komponentlərin ölkə daxilində inkişaf etdirilməsi hədəflənir.
Bu əməkdaşlıq eyni zamanda təchizat zəncirində xarici asılılığın azaldılmasına və yerli istehsal qabiliyyətlərinin gücləndirilməsinə xidmət edir.
“ASPİLSAN Enerji” “Günel Holding” ilə də enerji layihələri sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb. Sənəd innovativ enerji həllərinin və dayanıqlı layihələrin hazırlanmasını əhatə edir.
Tərəflərin xüsusilə enerji saxlama texnologiyaları və sistem inteqrasiyası sahəsində birgə fəaliyyət göstərməsi planlaşdırılır. Bu əməkdaşlıq vasitəsilə həm milli, həm də beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.
Dənizçilik sahəsində isə “ASPİLSAN Enerji” ilə “Cemre Mühendislik” arasında litium-ion batareya sistemlərinin hazırlanmasına dair protokol imzalanıb. Layihə çərçivəsində gəmiqayrma zavodu layihələrində istifadə üçün yüksək performanslı və təhlükəsiz batareya həllərinin hazırlanması planlaşdırılır.
Bu təşəbbüsün dəniz platformalarında enerji səmərəliliyini artıracağı və dayanıqlı həllərin tətbiqini genişləndirəcəyi gözlənilir.
“ASPİLSAN Enerji” ilə ROKETSAN arasında imzalanan müqavilə isə müdafiə sənayesi baxımından xüsusi diqqət çəkir. ATMACA layihəsi çərçivəsində imzalanan sazişə əsasən, ATMACA raket sistemi üçün batareya paketinin hazırlanması nəzərdə tutulur.
Hazırlanacaq batareya sistemlərinin yüksək etibarlılıq və performans göstəricilərinə malik olması planlaşdırılır. Layihənin Türkiyənin müdafiə texnologiyalarında müstəqilliyini daha da gücləndirəcəyi gözlənilir.
“ASPİLSAN Enerji”nin SAHA 2026 çərçivəsində imzaladığı əməkdaşlıqlar müxtəlif sahələrdə yerli texnologiyaların inkişafına yönəlmiş çoxşaxəli ekosistemin formalaşdırılmasını nümayiş etdirir.
Sevinc Əliyeva
Ordu.az