Ordu.az xəbər verir ki, sərgi SAHA İstanbul tərəfindən İstanbul Sərgi Mərkəzində təşkil olunub.
2018-ci ildən etibarən müdafiə, aviasiya və kosmos sənayesinin ən mühüm görüş platformalarından birinə çevrilən tədbir 2026-cı il mayın 5-dən 9-dək minlərlə iştirakçını bir araya gətirir.
Türkiyə müdafiə sənayesinin nailiyyətlərinin nümayiş etdirildiyi sərgidə ROKETSAN dörd yeni sisteminin təqdimatı ilə xüsusi diqqət çəkib. İlk dəfə ictimaiyyətə təqdim olunan NEŞTER, CİDA, Mini Qanadlı Raket və CİRİT Antidron sistemləri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
ROKETSAN-ın baş direktoru Murat İkinci bildirib ki, SAHA 2026 Türkiyə müdafiə sənayesinin səviyyəsini dünyaya nümayiş etdirən strateji platformadır.
“SAHA qlobal müdafiə və aviasiya sənayesinin ən nüfuzlu görüşlərindən birinə çevrilib. Biz də burada güclü iştirakla yer alırıq. SAHA 2026-da “Polad Günbəz”in əsasını təşkil edən hava hücumundan müdafiə sistemlərimizdən tutmuş rekord məsafələrə malik raketlərə və pilotsuz uçuş aparatları üçün sursatlara qədər 40-a yaxın məhsulumuzu təqdim edirik. Bu sərgi eyni zamanda yeni sistemlərimizin təqdimatı üçün mühüm platformadır. NEŞTER, CİDA, Mini Qanadlı Raket və CİRİT Antidron sistemlərinə göstərilən böyük maraq bunu sübut edir. Bu sistemlər sahədə yaranan ehtiyaclara uyğun olaraq tam yerli imkanlarla hazırlanıb və biz bundan sonra da yeni texnologiyalar üzərində işləməyə davam edəcəyik”, - deyə o qeyd edib.
ROKETSAN-ın ilk dəfə nümayiş etdirdiyi sistemlər yüksək texnoloji xüsusiyyətləri və döyüş şəraitində oyun dəyişdirən imkanları ilə seçilir.
CİRİT Antidron Sistemi CİRİT lazerlə idarə olunan raketin yeni versiyasıdır və pilotsuz uçuş aparatlarına qarşı istifadə olunur. Bu sistem bahalı hava hücumundan müdafiə raketlərinə alternativ kimi təqdim edilir və uyğun nişanalma şəraitində hədəfin effektiv məhv edilməsini təmin edir.
CİDA uzun mənzilli tank əleyhinə raket sistemləri ailəsinin ən yeni üzvüdür. Görmə xəttindən kənar istifadə imkanı, uzun mənzili və hibrid axtarış başlığı sayəsində yüksək dəqiqliklə hədəfləri vurmaq qabiliyyətinə malikdir. Sistem quru, dəniz və hava platformalarına inteqrasiya oluna bilir.
Mini Qanadlı Raket aşağı xərclə yüksək əməliyyat effektivliyini birləşdirən yeni nəsil həll kimi təqdim olunur. Uzun mənzil, ağır döyüş başlığı və çoxsaylı daşıma imkanları ilə seçilən bu sistem xüsusilə hava hücumundan müdafiə sistemlərinə qarşı mühüm rol oynayır və hədəf xətti üzrə vizual kəşfiyyat məlumatları toplamaq qabiliyyətinə malikdir.
NEŞTER isə MAM-L məhsulunun bir variantı olub, minimal ikinci dərəcəli zərər prinsipi ilə yüksək dəqiqlikli zərbələr üçün hazırlanıb. Partlayıcı maddə istifadə etmədən xüsusi döyüş başlığı vasitəsilə hədəfə yüksək dəqiqliklə təsir göstərir.
Sərgidə eyni zamanda ROKETSAN-ın döyüş şəraitində effektivliyi sübut olunmuş geniş məhsul portfeli də nümayiş etdirilir.
TAYFUN ballistik raketi, MAM-C, MAM-L IIR və MAM-T “Dual Seeker” sursatları, İHA-122 və İHA-230 “hava-yer” raketləri, 300 ER və EREN “gəzən sursat” sistemləri sərgidə yer alır.
Hava hücumundan müdafiə sistemləri sahəsində SUNGUR, HİSAR-A, HİSAR-O RF və SİPER BLOK 1 və BLOK 2 sistemləri təqdim olunur. Bundan əlavə LEVENT yaxın mənzilli hava hücumundan müdafiə raketi və MİDLAS milli şaquli buraxılış sistemi də nümayiş etdirilir.
Tank əleyhinə sistemlər sırasında KARAOK və L-OMTAS, digər məhsullar arasında isə SOM, ÇAKIR, KARA ATMACA, LAÇİN, TEBER və METE sistemləri diqqət çəkir.
Artilleriya raketləri bölməsində BORA (KHAN), TRLG-122, TRLG-230 və LG-155 lazerlə idarə olunan sursatlar nümayiş olunur.
Sualtı imkanlar çərçivəsində AKYA ağır sinfə məxsus torpedo və ORKA yüngül sinfə məxsus torpedo da təqdim edilir.
Bundan əlavə KMC taktiki raket sistemi, PUSU qülləüstü silah sistemi, ALKA yönləndirilmiş enerji silah sistemi və gələcəkdə sınaqları planlaşdırılan ŞİMŞEK-2 peyk buraxılış aparatı da sərgidə nümayiş olunur.
Sevinc Əliyeva
Ordu.az