A-10 “Warthog”u vurmaq niyə bu qədər çətindir?

2026/05/1777988221.jpg
Oxunub: 686     17:35     05 May 2026    
A-10 “Warthog”un konstruksiyasını hazırlayan mühəndislər döyüş zamanı zədələnmənin qaçılmaz olduğunu anlayırdılar və təyyarəni bu zədələrə tab gətirəcək şəkildə həddindən artıq möhkəmləndiriblər.

A-10 “Warthog” olduqca qeyri-adi dizayn fəlsəfəsinə malikdir. Əksər təyyarələr zərbədən yayınmaq üçün hazırlanır və zərbə aldıqları halda təhlükəsiz yerə qədər uçuşu davam etdirə bilmək üçün nəzərdə tutulur. A-10 isə əksinə, zərbə alacağını əvvəlcədən qəbul edən və bundan sonra da missiyanı davam etdirmək üçün hazırlanmış platformadır.

Buna uyğun olaraq, A-10-un dizaynında əsas konsepsiya hər bir kritik sistem üzrə çoxsəviyyəli ehtiyat mexanizmlərinin yaradılmasıdır. A-10 yalnız ehtiyat sistemlərə malik deyil, həm də fərqli fiziki prinsiplərlə işləyən müxtəlif növ ehtiyat sistemlərdən istifadə edir. Məhz buna görə A-10 indiyə qədər yaradılmış ən davamlı təyyarələrdən biri hesab olunur. Heç bir tək nasazlıq təyyarəni sıradan çıxara bilmir, hər bir funksiyanın işləməsi üçün bir neçə müstəqil yol mövcuddur.

A-10 “Warthog”un texniki xüsusiyyətləri

İstifadəyə verildiyi il: 1977
İstehsal sayı: təxminən 716 (bütün variantlar)
Uzunluğu: 16,16 metr
Qanad açılımı: 17,42 metr
Çəkisi (maksimum qalxma çəkisi): təxminən 23 132 kq
Mühərriklər: iki ədəd “General Electric” TF34-GE-100 turbofan mühərriki (hər biri təxminən 9 000-9 275 funt itləmə gücü)
Maksimum sürət: təxminən 675 km/saat
Uçuş məsafəsi: döyüş radiusu 537 km; əlavə yanacaq çənləri ilə təxminən 4 074 km
Maksimum uçuş hündürlüyü: təxminən 13 700 metr, lakin praktiki istifadə demək olar ki, həmişə aşağı hündürlükdə həyata keçirilir
Silahlanma: mərkəzdə yerləşən GAU-8/A 30 mm çoxlüləli top; təxminən 7 260 kq-a qədər xarici yükləmə; silah dəstinə AGM-65 “Maverick”, AIM-9M “Sidewinder”, LAU-131 yeddi raketlik bloklar, “Hydra” 70 2.75 düymlük raketlər/APKWS, JDAM/GBU dəstləri, top podları, istilik tələləri və radiolokasiya maneələri, LITENING nişanalma konteyneri və əlavə yanacaq çənləri daxil ola bilər
Ekipaj: 1 nəfər (pilot)


A-10-un çoxsaylı ehtiyat sistemləri haqqında

Təyyarənin idarəetmə sistemləri aileronlar, elevatorlar və sükan vasitəsilə onun meyletmə, dönmə və istiqamət dəyişməsini təmin edir. A-10 “Warthog”da əsas uçuş idarəetmə sistemi hidravlikdir, yəni təzyiq altında olan maye idarəetmə səthlərini hərəkətə gətirir. Bu sistem ona görə lazımdır ki, 300 düyündən yüksək sürətlərdə hava yükləri insan gücü üçün çox böyük olur.

A-10 iki müstəqil hidravlik sistemə malikdir. Lakin hər iki hidravlik xəttin sıradan çıxdığı vəziyyətdə A-10 mexaniki ehtiyat sisteminə keçir və bu zaman pilot kabellər vasitəsilə idarəetmə səthlərini hərəkətə gətirə bilir. Mexaniki idarəetmə daha yavaş reaksiya verir, lakin təyyarə idarəolunan qalır və pilotun bazaya qayıtmasına imkan yaradır.

Bu xüsusiyyət A-10-u digər təyyarələrdən fərqləndirir, çünki əksər təyyarələr yalnız eyni tip ehtiyat sistemlərə malik olur. Məsələn, F-16 “Fighting Falcon” kimi qırıcı təyyarədə əsas sistem sıradan çıxarsa, ehtiyat hidravlik sistem işə düşür. Lakin A-10 tamamilə fərqli mexaniki prinsiplərdən istifadə edir. Yəni hidravlik sistem tam sıradan çıxsa belə, mexaniki sistem işləməyə davam edir və ortaq nasazlıq riski aradan qalxır. Bu dizayn yanaşması eyni tipli nasazlıqların qarşısını alır. Burada ehtiyatlılıq sadəcə təkrar deyil, funksional müxtəliflikdir və bu, A-10-un demək olar ki, istənilən vəziyyətdə sağ qalmasına imkan verir.

A-10 struktur baxımından da ehtiyatlılıq prinsipi ilə hazırlanıb. Qanad konstruksiyasında üç ayrı daşıyıcı şüa mövcuddur. Bu o deməkdir ki, təyyarə bir şüanı və ya qanad örtüyünün bir hissəsini itirsə belə, struktur baxımından uçuş qabiliyyətini qoruyur. Yüklər sadəcə olaraq digər hissələr arasında yenidən bölüşdürülür. Konstruksiya qəfil sıradan çıxmaq üçün deyil, tədricən zəifləmək üçün nəzərdə tutulub.

Ehtiyatlılıq mühərriklərin dizaynında da tətbiq olunub. “Warthog”un mühərrikləri təyyarənin yuxarı hissəsində və bir-birindən aralı yerləşdirilib ki, bir zərbə hər iki mühərriki sıradan çıxarmasın. Əgər mühərriklərdən biri sıradan çıxsa, digəri ilə uçuşu davam etdirmək mümkündür və işlək mühərrikin zədələnmiş mühərrikdən qopan hissələri udma ehtimalı azalır. Bundan əlavə, mühərriklər eyni tipdir və bu da onların dəyişdirilməsini asanlaşdırır.

Hətta yanacaq sistemi də ehtiyatlı qurulub. Adətən, deşilmiş yanacaq çəni sürətlə boşalır. Lakin A-10, müasir təyyarələrin əksəriyyəti kimi, özünü bərpa edən yanacaq çənlərinə malikdir, bu çənlərdəki material dəliyi bağlamaq üçün genişlənir. Çənlər arasında yanacağın ötürülməsini təmin edən sistem mövcuddur və zədələnmiş yanacaq xəttini avtomatik şəkildə izolyasiya edən mexanizm var. Bundan əlavə, fövqəladə hallar üçün təxminən 20 dəqiqəlik uçuşa kifayət edən ehtiyat yanacaq çəni də mövcuddur. Digər sistemlərdə olduğu kimi, yanacaq sistemi də bölmələrə ayrılıb və nasazlıqlara qarşı qorunub.

Oxşar dizayn prinsipləri elektrik və digər sistemlərin yerləşdirilməsində də tətbiq olunub. Elektrik xətləri fiziki olaraq bir-birindən ayrılıb ki, bir zərbə bütün sistemləri sıradan çıxarmasın. Burada ehtiyatlılıq yalnız funksional deyil, həm də məkan baxımındandır.

“Warthog”un aşağı nasazlıq səviyyəsi bunu təsdiqləyir

A-10-un diqqətçəkən xüsusiyyəti ondan ibarətdir ki, onun dizayn fəlsəfəsi nasazlığı əvvəlcədən qəbul edir və bir neçə müstəqil bərpa yolu nəzərdə tutur. Bu qədər ehtiyatlılıq isə təsadüfi deyil: A-10 aşağı hündürlükdə fəaliyyət göstərdiyi üçün ABŞ Hərbi Hava Qüvvələrinin ən həssas təyyarələrindən biridir və yerüstü atəşə ən çox məruz qalan platformadır. Bu isə o deməkdir ki, zədələnmədən yayınmaq üçün dizayn etmək mənasız olardı, o, istənilən halda zərbə alacaq. Lakin bu zədələrə baxmayaraq, döyüşü davam etdirə bilir və ən azı bir sistemin işlək qalacağı prinsipinə əsaslanır.

Əlbəttə, A-10 məğlubedilməz deyil, 1991-ci ildə Körfəz müharibəsi zamanı bu təyyarələrdən altısı vurulub, daha biri isə aprelin əvvəlində “Dude 44” xilasetmə əməliyyatı çərçivəsində həyata keçirilən “Epic Fury” əməliyyatı zamanı itirilib. Lakin 700-dən çox istehsal olunmuş təyyarədən yalnız bir neçəsinin vurulması və onların aşağı hündürlükdə gündüz saatlarında müntəzəm olaraq düşmən qüvvələri ilə təmasda olmasına baxmayaraq, belə nəticənin əldə olunması bu dizaynın nə qədər effektiv olduğunu göstərir.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: A-10   Warthog  


Bizi "telegram"da izləyin