Ordu.az xəbər verir ki, 1000 kilometri aşan mənzili və yüksək partlayıcı döyüş başlığı ilə diqqət çəkən KUZGUN aşağı radar izi və yüksək partlayış gücü ilə strateji hədəflərə qarşı yüksək təsir göstərəcək.
STM sistemin ilk sınaq uçuşundan görüntüləri ilk dəfə paylaşıb.
Türkiyənin tam müstəqil müdafiə sənayesi hədəfləri üçün milli texnologiyalar hazırlayan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” taktiki və avtonom sistemlərdəki təcrübəsini strateji səviyyəyə daşıyır. STM müasir döyüş meydanında təsiri hər keçən gün artan və xüsusilə İran-İsrail müharibəsində gündəmə gələn uzun mənzilli kamikadze pilotsuz uçuş aparatı sistemlərinə milli yanaşma təqdim edib. STM Uzun Mənzilli Kamikadze Pilotsuz Uçuş Aparatı Sistemi KUZGUN-u ilk dəfə ictimaiyyətə təqdim edib. Şirkət dizayn mərhələlərini tamamlayan və ilk uçuşlarını uğurla həyata keçirən sistemin görüntülərini ilk dəfə yayımlayıb. STM Uzun Mənzilli Kamikadze Pilotsuz Uçuş Aparatını SAHA-2026 sərgisində ilk dəfə nümayiş etdirəcək.
“Strateji hədəflərdə milli çəkindirmə”
STMnin baş direktoru Özgür Güleryüz platformanın dərin əməliyyat qabiliyyətinə diqqət çəkərək bildirib:
“Qlobal və regional böhranlar uzun mənzilli və maliyyət baxımından effektiv zərbə vasitələrinin döyüş meydanında həlledici rolunu bir daha ortaya qoydu. STM olaraq bu ehtiyaca uyğun hazırladığımız Uzun Mənzilli Kamikadze Pilotsuz Uçuş Aparatı Sistemimiz KUZGUN ilə ölkəmizin strateji çəkindirmə imkanlarını daha yüksək səviyyəyə qaldırmağı hədəfləyirik. 1000 kilometri aşan mənzil imkanları və yüksək təsirli döyüş başlığı ilə bu sistem komanda mərkəzlərindən hava hücumundan müdafiə və radar elementlərinə qədər kritik hədəfləri avtonom şəkildə zərərsizləşdirə biləcək gücdə olacaq. KUZGUN milli proqram təminatımızla təchiz edilib, radioelektron mübarizəyə davamlı naviqasiya sistemi və aşağı hündürlükdə uçuş imkanı ilə ən çətin coğrafiyalarda belə dəqiq hədəf zərbələri endirəcək”.
Uçş-enmə zolağına ehtiyac olmadan dərin zərbə imkanı
Adını təbiətdə iti zəkası, yüksək müşahidə qabiliyyəti və strateji sürəti ilə tanınan quş növündən alan KUZGUN müasir döyüş meydanında səssiz, lakin təsirli güc elementi olmağı hədəfləyir. Sərhəddənkənar əməliyyatlar və düşmən xəttinin arxasındakı kritik hədəflər üçün nəzərdə tutulan sistem aerodinamik quruluşu sayəsində yüksək dayanıqlıq nümayiş etdirir. Hər hansı uçuş zolağına ehtiyac olmadan mobil quru platformalarından və ya sabit buraxılış qurğularından raket dəstəyi (RATO) ilə havaya qalxa bilən sistem əməliyyat çevikliyini maksimum səviyyəyə çatdırır. 6 saatdan artıq havada qalma müddəti ilə uzaq məsafələrdəki hədəflərə sürətli və effektiv hücum imkanı yaradır.
Radioelektron mübarizəyə davamlı və tam avtonom
GNSS siqnalının intensiv şəkildə pozulduğu döyüş zonaları üçün optimallaşdırılan KUZGUN müdaxiləyə davamlı naviqasiya arxitekturası ilə seçilir. Əvvəlcədən müəyyən edilmiş marşrut və hədəf məlumatlarına uyğun olaraq tam avtonom uçuş həyata keçirə bilən sistem GNSS dəstəyi ilə dəqiq koordinat zərbəsi imkanına malikdir. 200 kq ümumi çəkisinə baxmayaraq yüksək sürətə malik olan KUZGUN yüksək dağıdıcı gücə malik sursatı ilə strateji əməliyyatların əsas elementlərindən biri olmağı hədəfləyir.
KUZGUN UMK - Texniki xüsusiyyətlər
Uçuş məsafəsi: 1000+ km
Uçuş müddəti: 6 saat
Uçuş çəkisi: 200 kq
Tapşırıq hündürlüyü: 3500 m
Sevinc Əliyeva
Ordu.az