“Typhoon”da Türkiyə bayrağı ilk dəfə SAHA-da nümayiş olundu

2026/05/1777979783.jpg
Oxunub: 565     15:14     05 May 2026    
“Eurofighter Typhoon” döyüş təyyarəsi SAHA 2026 sərgisi çərçivəsində ilk dəfə Türkiyə bayrağı ilə birlikdə nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, “Typhoon” döyüş təyyarəsinin tam ölçülü maketi SAHA 2026-da sərgilənir.

Nümayiş etdirilən modelin quyruq hissəsində şaquli stabilizator üzərində yerləşdirilən Türkiyə bayrağı xüsusilə diqqət çəkib. Daha əvvəl Böyük Britaniya, İtaliya, Almaniya, İspaniya və digər istifadəçi ölkələrin bayraqları ilə təqdim olunan platformada Türkiyə elementi ilk dəfə əlavə olunub.

Təchizat təqvimi dəqiqləşir

Türkiyə “Eurofighter Typhoon” proqramı çərçivəsində 2025-ci ilin oktyabrında 20 ədəd təyyarə üçün tədarük müqaviləsi imzalayıb. Təyyarələrin son montajı Böyük Britaniyada, Lankaşir/Uarton müəssisələrində həyata keçiriləcək və ilk təhvilin 2030-cu ildə başlanması planlaşdırılır.

Təhvil planına əsasən, “Eurofighter Typhoon” təyyarələrinin inventara daxil edilməsi mərhələli şəkildə həyata keçiriləcək: ilkin mərhələdə 2030-cu ildə 6 təyyarə, 2031-ci ildə 8 təyyarə və 2032-ci ildə 6 təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil olacaq.

Proses “ucdan uca” modelə çevrildi

Türkiyənin “Typhoon” prosesi yalnız platforma tədarükü ilə məhdudlaşmayıb. 2025-ci ildə Böyük Britaniya ilə imzalanan ilk razılaşmadan sonra 2026-cı il martın 25-də Londonda daha bir mühüm mərhələ keçilib.

Milli müdafiə naziri Yaşar Gülər ilə Böyük Britaniyanın müdafiə naziri Con Hili arasında imzalanan razılaşma ilə “Typhoon” parkının istismarı üçün texniki və logistika dəstək paketi rəsmiləşdirilib.

Bu müqavilə ilə Türkiyə yalnız təyyarə alan deyil, həm də texniki xidmət, təlim və əməliyyat davamlılığını əhatə edən tam həcmli həll modelinə keçib.

Qətər formulu: ikinci əl “Typhoon” seçimi gündəmdə

Prosesin diqqət çəkən istiqamətlərindən biri də Qətər variantıdır. Qətərin inventarında olan bəzi “Eurofighter Typhoon” təyyarələrinin Türkiyəyə ötürülməsi alternativ variant kimi nəzərdən keçirilir.

Daha qısa təhvil müddəti, hazır platformalar və keçid dövrünü sürətləndirmək imkanı bu modelin əsas üstünlükləri hesab olunur.

Bu yanaşma Türkiyənin 2030-cu ilə qədər yeni təyyarələrin gəlməsinə qədər yaranan imkan boşluğunu doldurmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.

“Eurofighter Typhoon” təyyarəsində istifadə olunan silahlar

“Eurofighter Typhoon” müxtəlif missiyalar üçün geniş silah çeşidinə malikdir. Yaxın hava döyüşündə IRIS-T və ASRAAM kimi qısa mənzilli infraqırmızı idarə olunan raketlər istifadə olunur.

Orta və uzaq mənzilli hədəflərə qarşı isə Meteor və AIM-120 AMRAAM raketlərinə üstünlük verilir.

“Hava-yer” missiyalarında “Brimstone”, “Storm Shadow” və “Paveway IV” kimi dəqiq idarə olunan sursatlardan istifadə olunur. Bundan əlavə, JDAM dəstləri vasitəsilə klassik bombalar ağıllı sursata çevrilir.

Dəniz hədəflərinə qarşı isə “Marte ER” və bəzi konfiqurasiyalarda “Harpoon” raketləri tətbiq oluna bilir. Təyyarədə həmçinin daxili “Mauser” BK-27 top sistemi də mövcuddur.

Təkcə maket deyil, strateji mesaj

SAHA 2026-da nümayiş olunan Türkiyə bayraqlı “Typhoon” maketi yalnız texniki təqdimat deyil, həm də strateji mesaj xarakteri daşıyır.

Gələcəkdə həm yeni istehsal, həm də mümkün ikinci əl təchizat variantları ilə Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarəsi parkında mühüm dəyişikliklərin baş verəcəyi gözlənilir. Eyni zamanda Türkiyə KIZILELMA, ANKA-3 və KAAN layihələri ilə öz pilotlu və pilotsuz döyüş təyyarələrini inkişaf etdirməyə davam edir. Bu çərçivədə Bayraktar KIZILELMA-nın bu il inventara daxil edilməsi planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Typhoon   Türkiyə   SAHA  


Bizi "telegram"da izləyin