Almaniya Litvada tank briqadası yaradır: 5 min hərbçi NATO-nun şərq cinahına yerləşdiriləcək

2026/05/1777901075.jpg
Oxunub: 388     17:25     04 May 2026    
Almaniyanın NATO-nun şərq cinahındakı mövcudluğunu gücləndirmək məqsədilə Litvada yeni tank briqadası yaratdığı və bu çərçivədə əhəmiyyətli sayda qüvvə və texnikanı regiona köçürdüyü bildirilib.

Ordu.az “Bild” qəzetinə istinadən xəbər verir ki, Almaniya NATO-nun şərq cinahını gücləndirmək öhdəliyi çərçivəsində Litvada 45-ci Tank Briqadasını yaradır.

Berlin bu məqsədlə “nə bahasına olursa-olsun” bütün imkanlarını səfərbər edir və təxminən 5 min hərbçidən ibarət briqadanın 2027-ci ilə qədər tam əməliyyat qabiliyyətinə çatdırılması planlaşdırılır.

Qəzetin məlumatına görə, “45-ci Tank Briqadası” adlanan bölmənin qərargahı Litvanın paytaxtı Vilnüsdə yaradılıb. Qəzet Almaniyanın bu layihəyə verdiyi əhəmiyyəti vurğulayaraq qeyd edib: “Bundeswehr”də sabit olmayan nə varsa yeni briqadaya ötürülür”.

Almaniyanın müdafiə naziri Boris Pistoriusun qərarı ilə təxminən 5 min alman hərbçisinin NATO-nun şərq cinahına yerləşdirilməsi nəzərdə tutulur və briqadaya komandanlıq 50 yaşlı briqada generalı Christoph Huberə həvalə olunub.

Huber “Bild” qəzetinə açıqlamasında bildirib: “NATO-ya və qüvvələrimizə sonsuz inamım var. NATO-nun şərq cinahında Alman xalqının azadlığını və hüquqlarını cəsarətlə müdafiə etmək üçün həyatımızı qurban verməyə hazırıq. Briqadanın 2027-ci ilə qədər tam döyüş qabiliyyətinə çatmasını planlaşdırırıq. Hər bir santimetri müdafiə edəcəyik”.

“Bild”in məlumatına görə, Almaniya Litvaya planlaşdırıldığından daha sürətli şəkildə şəxsi heyət və texnika göndərir, əvvəllər köçürülməsi nəzərdə tutulmayan elementlər də ölkəyə yerləşdirilir. Berlinin 2027-ci ilin sonuna qədər Litvada tam döyüş qabiliyyətli briqada yerləşdirmək öhdəliyini “nə bahasına olursa-olsun” yerinə yetirməkdə qərarlı olduğu vurğulanır.

Bununla yanaşı layihənin bir sıra çətinliklərlə müşayiət olunduğu qeyd edilir. Xüsusilə “Skyranger” hava hücumundan müdafiə sistemləri kimi bəzi silahların tədarükündə gecikmələr səbəbindən bölmənin pilotsuz uçuş aparatlarına qarşı həssas olduğu bildirilir. Bu boşluğu müvəqqəti aradan qaldırmaq üçün pilotsuz uçuş aparatlarına qarşı yüngül silahlardan istifadə daxil olmaqla alternativ üsullara müraciət edildiyi qeyd olunur.

Bundan əlavə, “Bundeswehr”də kadr çatışmazlığının olduğu, xüsusilə aşağı vəzifələr üzrə hərbçi cəlbinin planlaşdırılan səviyyədən geri qaldığı bildirilib. Məlumata görə, Almaniya hakimiyyəti hərbçiləri Litvaya köçməyə təşviq etmək üçün maliyyə stimulları və vergi güzəştləri tətbiq edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Litva   Tank  


Bizi "telegram"da izləyin