Ordu.az xəbər verir ki, Macarıstanın kredit vetosunu ləğv etməsindən sonra proses sürətlənib və bu il ərzində tamamlanması gözlənilir.
İsveç dövlət televiziyası SVT-nin məlumatına görə, Avropanın müdafiə arxitekturasını və Ukraynanın hava gücünü ciddi şəkildə təsir edəcək iri hərbi saziş gündəmdədir. “Saab” şirkətinin baş direktoru Maykl Yohansson bildirib ki, bu razılaşma şirkətin tarixində ən böyük satışlardan biri ola bilər.
Prosesin əsası Ukrayna prezidenti Volodimir Zelenskinin ötən ilin oktyabrında İsveçin baş naziri Ulf Kristersson ilə birlikdə Linköpinqdə yerləşən “Saab” müəssisəsinə səfəri zamanı qoyulub. Bu görüşdə Ukraynanın hava müdafiə imkanlarını gücləndirmək üçün 150 təyyarəlik niyyət protokolu imzalanıb.
Lakin bu böyük müqavilənin əsas çətinliyi maliyyələşmə olub. Apreldə Macarıstanda baş verən siyasi dəyişiklik nəticəsində Avropa İttifaqı daxilində blokada aradan qalxıb və Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit paketi təsdiqlənib. Bu isə razılaşmanın qarşısındakı əsas maneəni aradan qaldırıb.
“Bu cür böyük sazişlər adətən bir neçə ay çəkir, lakin bu ilin sonuna qədər tamamlanacağını gözləyirik”, - deyə Yohansson bildirib.
Razılaşmanın ümumi dəyəri hələ açıqlanmayıb. Lakin analitiklər 2025-ci ilin noyabrında Kolumbiya ilə bağlanmış 17 “Gripen” təyyarəsi üzrə 3,35 milyard dollarlıq müqaviləni əsas götürərək bu sazişin daha böyük miqyasda olacağını qeyd edirlər. Bu addım Ukraynanın uzunmüddətli hava müdafiə strategiyasını Qərb standartlarına uyğunlaşdırmaq baxımından mühüm mərhələ hesab olunur.
Sevinc Əliyeva
Ordu.az