Ordu.az xəbər verir ki, bu barədə RBC vəziyyətə yaxın mənbəyə istinadən məlumat yayıb.
Bu qüvvələrin tərkibinə hava hücumundan və raketdən müdafiə qüvvələri də daxildir. General Viktor Afzalovun yerinə bu vəzifəyə general-polkovnik Aleksandr Çayko təyin edilib.
54 yaşlı Çayko Moskva Suvorov hərbi məktəbinin məzunudur, 2010-cu illərin sonunda Suriyada Rusiya qoşunlarına komandanlıq edib və 2021-ci ildən Şərq hərbi dairəsinə rəhbərlik edib. Avropa İttifaqının məlumatına görə, “Rusiya qəhrəmanı” tituluna layiq görülən Çayko Buça hadisələri ilə əlaqələndirilir və Kiyev yaxınlığında mülki şəxslərin kütləvi qətlində ittiham olunan qoşun qruplaşmasına rəhbərlik edib. 2026-cı il martın 16-da faciənin dördüncü ildönümündə Avropa İttifaqı Çayko və daha 8 rus hərbçisinə qarşı fərdi sanksiyalar tətbiq edib.
Hava-Kosmik Qüvvələrin komandanının dəyişdirilməsi qərarı pilotsuz uçuş aparatlarının bir sıra hücumlarından sonra qəbul edilib. Bu hücumlar hava hücumundan müdafiə tərəfindən qarşısı alına bilməyib. Martın sonunda Baltik dənizində Rusiyanın ən böyük neft limanları da pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və nəticədə ixrac dayandırılıb. Apreldə Rusiya ərazisində neft obyektlərinə 20 dəfə zərbə endirilib. Ən azı 9 neft emalı zavodu hücuma məruz qalıb, onların 5-i fəaliyyətini dayandırıb və nəticədə ölkədə neft emalı 2009-cu ildən bəri ən aşağı səviyyəyə düşüb.
Dörd dəfə Tuapse limanı və neft emalı zavodu hücuma məruz qalıb, nəticədə on minlərlə ton neft və neft məhsulları yanıb, şəhər üzərinə “neft yağışı” yağıb və dənizdə mazut sızması baş verib. Aprelin 30-da oxşar hadisə Permdə baş verib, burada “Transneft”in anbarları və ölkədə gücünə görə yeddinci olan “Permnefteorqsintez” neft emalı zavodu vurulub.
Pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükə səbəbindən Kreml Moskvada keçirilən Qələbə paradını qısaltmağa məcbur olub. 2009-cu ildən etibarən ilk dəfə parad hərbi texnika olmadan keçiriləcək. Paradın müddəti ənənəvi bir saat yarım əvəzinə bir saatdan az olacaq. Bundan əlavə Dövlət Dumasının deputatlarına da tribunaya daxil olmağa icazə verilməyəcək.
Sevinc Əliyeva
Ordu.az