Ordu.az xəbər verir ki, prosesin ölkənin müdafiə imkanlarını gücləndirmək və tək təchizatçıdan asılılığı azaltmaq məqsədilə aparıldığı bildirilib.
Avropa və alternativ təchizatçılar qiymətləndirilir
İsveçrənin təchizat qurumu “Armasuisse” tərəfindən verilən açıqlamaya görə, Almaniya, Fransa, İsrail və Cənubi Koreya ilə əlaqə saxlanılaraq məlumat tələb edilib. Bundan əlavə qiymətləndirmə çərçivəsində beş fərqli istehsalçı ilə də əlaqə qurulub.
“Armasuisse” rəsmisi Kay-Qunnar Sievert proseslə bağlı bildirib: “Prioritetlərimiz təhvil müddətləri, maliyyət, performans və istehsalın Avropadakı payı, ideal halda isə İsveçrədə həyata keçirilməsidir”. O qeyd edib ki, proses hələ təklif toplama mərhələsinə keçməyib və yalnız ilkin məlumat toplanması mərhələsindədir.
“Patriot” təhvilində 4-5 illik gecikmə
İsveçrənin daha əvvəl ABŞ-dən sifariş etdiyi “Patriot” sistemlərinin təhvilinin 4-5 il gecikəcəyi gözlənilir. Sistemlərin ilkin olaraq 2027 və 2028-ci illərdə təhvil verilməsi planlaşdırılırdı.
Bu gecikmənin ölkənin hava hücumundan müdafiə planlaşdırmasında ciddi boşluq yaratdığı qiymətləndirilir.
Artan təhdid mühiti qərarın əsas səbəbidir
İsveçrə rəsmiləri Avropadakı təhlükəsizlik mühitinin son illərdə əhəmiyyətli dərəcədə dəyişdiyini bildirir. Rəsmi şəxslərdən Martin Pfister uzun mənzilli silahların Ukrayna və Yaxın Şərqdəki münaqişələrdə artan roluna diqqət çəkərək bunun qərar prosesinə birbaşa təsir etdiyini qeyd edib.
Pfister əlavə edib ki, ikinci hava hücumundan müdafiə sistemi yalnız imkan artımı deyil, eyni zamanda böhran vəziyyətlərində çeviklik təmin edəcək.
Təchizatın şaxələndirilməsi və yerli iştirak hədəfi
İsveçrənin apardığı qiymətləndirmənin müdafiə təchizatında müxtəlifliyi artırmaq strategiyası ilə uyğun olduğu qeyd edilir. Eyni zamanda Avropa əsaslı və mümkün qədər yerli sənaye iştirakını artıran həllərə üstünlük veriləcəyi vurğulanır.
“Armasuisse” tərəfindən tələb olunan məlumatların 2026-cı il may ayının sonuna qədər toplanacağı gözlənilir və prosesin hələ rəsmi təchizat qərarı anlamına gəlmədiyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az