Trampın Avropaya zərbəsi: İran böhranı fonunda Vaşinqton yeni geosiyasi xətt qurur

2026/05/1777886667.jpg
Oxunub: 643     13:23     04 May 2026    
Rusiya prezidenti ilə İranın xarici işlər nazirinin danışıqlarından sonra Vladimir Putinin İran-ABŞ nizamlanmasında vasitəçilik edəcəyi barədə yaranmış təəssürat faktiki olaraq təsdiqini tapmayıb. İranın ABŞ-yə son təklifi, əvvəlki hallarda olduğu kimi, Vaşinqtona İslamabad vasitəsilə çatdırılıb.

İran ətrafında mürəkkəb və proqnozlaşdırılması çətin vəziyyət fonunda ABŞ prezidenti Donald Tramp Avropa İttifaqına qarşı “gömrük müharibəsi” elan edib, Aİ ölkələrindən idxal olunan avtomobillərə tətbiq edilən rüsumu 25 faizə qaldırıb. Tramp həmçinin Almaniyadan beş min amerikalı hərbçinin çıxarılacağını bəyan edib.

ABŞ-nin aparıcı media orqanları bu qərarı “kansler Mertsdən qisas” kimi qiymətləndirib. Merts daha əvvəl Trampı İrana qarşı müharibə aparmaq və ondan çıxmaq məsələsində “sistemli siyasətinin olmamasına” görə tənqid etmişdi. Polşanın baş naziri Donald Tusk Almaniyada ABŞ qoşunlarının sayının azaldılmasını “fəlakət” adlandırıb.

Görünür, bu qiymətləndirmələr üçün müəyyən əsaslar var. Bunu Rusiya dövlət mediasının açıq sevinc reaksiyası da göstərir. “RIA Novosti” hətta yazıb ki, “Tramp Avropadan həm ABŞ, həm də Rusiyanın xeyrinə qisas alır”. Şərhçinin fikrincə, ABŞ-nin Avropadakı hərbi mövcudluğunu azaltmaqla Donald Tramp “nizamlanma danışıqlarından avropalıları və ukraynalıları tamamilə kənarlaşdırır”.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-ABŞ-ın İrana qarşı müharibəsinin aktiv mərhələsində Tramp-Putin razılaşmalarının “buxarlandığını” bəyan edib və Antalyada keçirilən diplomatik forumun panel müzakirələrində Ukrayna nizamlanmasını prioritet hesab etmədiyini bildirib.

Mayın 2-də İranın xarici işlər nazirinin müavini Kazem Qaribabadi Rusiya və Çin səfirləri ilə qapalı görüş keçirib. İsrail mətbuatı ehtimal edib ki, görüşdə “ABŞ ilə danışıqlarda İranın strateji müttəfiqlərinin səylərinin koordinasiyası” müzakirə olunub. Bu ay ABŞ və Rusiya prezidentlərinin Pekinə səfəri planlaşdırılır.

Qeyd etmək vacibdir ki, ABŞ-Avropa gərginliyi Avropa İttifaqı-Ermənistan ilk sammiti ərəfəsində daha da artıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Avropa   İran  


Bizi "telegram"da izləyin