Fitsonun Moskva-İrəvan xətti: Zelenski ilə görüş Putinə aparılan yeni diplomatik mesajdır?

2026/05/1777886597.jpg
Oxunub: 556     13:21     04 May 2026    
“The Inside” nəşri Rusiya mənbələrinə istinadən bildirib ki, Moskvanın may paradında iştirak etmək istəyini Belarus, Qazaxıstan və Qırğızıstan prezidentləri Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev və Sadır Japarov, eləcə də qondarma “Abxaziya və Cənubi Osetiyanın rəhbərləri” ifadə ediblər.

Məlumata görə, Slovakiyanın baş naziri Robert Fitso həmin gün Moskvaya səfər edəcək, lakin paradda iştirak etməyəcək, yalnız Naməlum əsgərin memorialını ziyarət edəcək və bir dəqiqəlik sükutla bütün həlak olanların xatirəsini yad edəcək.

Bu fonda Slovakiyanın baş naziri mayın 2-də “X” sosial şəbəkəsində paylaşım edərək, həmin gün Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı barədə məlumat verib. O bildirib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir, çünki demokratik və təhlükəsiz qonşuya sahib olmaq istəyir.

Slovakiyanın baş naziri həmçinin ölkəsinin Rusiya-Ukrayna nizamlanması məsələsində mövqeyini açıqlayıb və qeyd edib ki, “Ukraynanın razılığı olmadan tam sabitlik mümkün deyil”.

Bu telefon danışığı barədə paralel məlumatı Ukrayna prezidenti də yayıb. O bildirib ki, dialoqa özü təşəbbüs göstərib və Slovakiyanın baş naziri ilə İrəvanda, Avropa siyasi icmasının sammiti çərçivəsində görüşmək barədə razılıq əldə olunub.

Zelenski həmçinin Fitsoya Kiyevə dəvət göndərdiyini və ondan qarşılıqlı səfər dəvəti aldığını bildirib. “Komandalarımız hazırda bu istiqamətdə işləyir”, - deyə Ukrayna prezidenti qeyd edib.

Slovakiya Avropa İttifaqının üzvüdür və son iki-üç ildə Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstək məsələlərində Macarıstanla birlikdə müəyyən problemlər yaradıb. Zelenski ilə telefon danışığı barədə Fitsoun açıqlamasından belə anlaşılır ki, Slovakiya Ukrayna ilə dialoqa başlamaq qərarına gəlib.

Moskvaya səfəri ərəfəsində onun Zelenski ilə İrəvanda planlaşdırdığı görüş, şübhəsiz ki, prinsipial əhəmiyyət daşıyır. İstisna deyil ki, Slovakiyanın baş naziri Zelenskidən Putinə mesaj çatdırmaq üçün vasitəçilik edir. Aydındır ki, ABŞ Rusiya-Ukrayna nizamlanması məsuliyyətindən yayınmağa çalışır.

Zelenskinin danışıqları Bakıda bərpa etmək təklifini Moskva rədd edib. Mətbuatda “Rusiya-Ukrayna sammitini Türkiyə təşkil edə bilər” barədə məlumat yayılıb. Əgər Slovakiyanın baş naziri həqiqətən Moskvaya getsə, ehtimal etmək olar ki, o, Zelenski ilə İrəvanda görüşündən sonra Putinə müəyyən “təklif” aparıb.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fitso   Moskva   İrəvan   Zelenski   Putin  


Bizi "telegram"da izləyin