“Al Jazeera”: Trampa təqdim edilən İran planı üç mərhələdən ibarətdir

2026/04/1777465737.jpg
Oxunub: 291     09:07     04 May 2026    
“Al Jazeera” televiziya kanalı İranın ABŞ-ə Pakistan vasitəsilə ötürdüyü son sülh təklifi barədə yeni təfərrüatlar açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə kanal mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, İranın planı üç əsas mərhələdən ibarətdir və məqsəd 30 gün ərzində atəşkəsi müharibənin dayandırılmasına çevirməkdir.

Plan, o cümlədən İsrail tərəfindən hücum etməmək öhdəliyini nəzərdə tutur ki, bu da müharibənin yenidən başlamasının qarşısını almağa və Yaxın Şərqdə hərbi əməliyyatlara son qoymağa yönəlib.

Birinci mərhələ Hörmüz boğazının mərhələli şəkildə açılmasını və İran limanlarına qarşı ABŞ-nin blokadasının aradan qaldırılmasını nəzərdə tutur. Tehran dəniz minalarına qarşı mübarizə məsuliyyətini öz üzərinə götürür.

İkinci mərhələ müəyyən edilmiş müddət başa çatdıqdan sonra İranın uranın zənginləşdirilməsinə 3,6 faiz səviyyəsində, “sıfır ehtiyat prinsipi” əsasında qayıtmasını nəzərdə tutur.

Televiziya kanalının məlumatına görə, plan ABŞ və İsrailin İrana və onun müttəfiqlərinə hücumlardan çəkinməsini, əvəzində isə İranın da zərbələr endirməməsini nəzərdə tutur.

Təklifdə nüvə infrastrukturunun sökülməsi və ya İran obyektlərinin məhv edilməsi rədd edilir.

Sanksiyaların ləğvi dondurulmuş vəsaitlərin mərhələli şəkildə azad edilməsini nəzərdə tutur.

Üçüncü mərhələdə Tehran ərəb qonşuları ilə strateji dialoqa başlamağı və bütün Yaxın Şərqi əhatə edəcək təhlükəsizlik sistemi yaratmağı təklif edib.

Daha əvvəl “Al Arabiya” İranın öz təklifində nüvə məsələsini də daxil etməyə razılaşdığını bildirmişdi.

Öz növbəsində “Tasnim” İranın ABŞ-ə 14 maddədən ibarət təklif təqdim etdiyini xəbər vermişdi.

Daha sonra İsrailin Kan media qurumunun jurnalisti Natan Qutman bildirib ki, Tramp onunla söhbətində İranın təklifini qəbuledilməz hesab etdiyini deyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin