Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan MTX sərhəd qoşunlarının xidməti məsələsində öz məsuliyyətindən “imtina edib” başlıqlı məqaləsində yazıb.
Nəşrə görə, aprelin 30-da, hökumətin iclasından sonra təşkil olunan brifinq zamanı isə Nikol Paşinyan sərhədçilərin xidmətinə toxunaraq belə bir ifadə işlədib:
“Mən Ermənistanın Baş naziriyəm, amma Ermənistan sərhədçisinin öz xidmətini necə həyata keçirdiyi, hansı məntiqlə həyata keçirdiyi ilə bağlı sual olsa, bunu bilməyə bilərəm, çünki bu, mənim gündəliyimin məsələsi deyil”.
“168.am” xatırladıb ki, Sərhəd Qoşunları MTX tabeliyindədir, MTX isə birbaşa Nikol Paşinyana tabedir.
“Xüsusilə, Ermənistan MTX-nin nizamnaməsi və strukturunun təsdiq edilməsi haqqında 2018-ci il iyunun 28-i tarixli Nikol Paşinyan qərarına əlavə edilən sənədin MTX-nin idarə olunması və rəhbərliyinə aid hissəsində qeyd olunur ki, “Milli Təhlükəsizlik Xidmətini baş nazir idarə edir”. MTX direktoru isə “Milli Təhlükəsizlik Xidmətinin tabeliyinə verilmiş təşkilat və müəssisələri idarə edir”.
Yəni sərhədçinin necə xidmət edəcəyi, sərhəd qoşunlarında nə baş verəcəyi məsələsində həm Nikol Paşinyanın, həm MTX direktoru Andranik Simonyanın, əlbəttə, həm də MTX sərhəd qoşunlarının komandanının məsuliyyəti var. İndi Nikol Paşinyan bir neçə gün əvvəl yenə də qürurla bəyan edirdi ki, Tavus vilayətinin delimitasiya olunmuş hissəsində Ermənistan və Azərbaycan sərhəd qoşunları dəbilqəsiz, zirehli gödəkçəsiz xidmət aparır, avtomatların daraqları isə avtomatların üzərində deyil, çantalarda olur. Belə olduğu halda, onun dediyi, yəni sərhədçinin xidmətini necə və hansı məntiqlə apardığını bilməməsi absurd deyilmi?” , - deyə məqalədə vurğulanıb.
Müəllifin sözlərinə görə, demək olarmı ki, Nikol Paşinyan bu halda bütün məsuliyyəti MTX direktorunun üzərinə qoyur?
“Xüsusilə də jurnalistlərlə sual-cavab zamanı o, erməni sərhədçilərin İran və Türkiyə ilə sərhəd hissələrində mərhələli şəkildə, dövlətin imkanlarının gücləndirilməsinə paralel olaraq yerləşdiriləcəyini bəyan edib.
“Məhz 1990-cı illərin əvvəlində Rusiya ilə imzalanmış müqavilədə nəzərdə tutulur ki, Ermənistan sərhəd qoşunlarının imkanlarına paralel olaraq, biz sərhədi öz sərhəd qoşunlarımızın nəzarəti altına almalıyıq. Biz rusiyalı sərhədçilərə sərhədi qorumaq üçün ödənişlər də həyata keçiririk. Əvvəllər də olub ki, rusiyalı tərəfdaşlar bu məbləğin artırılması məsələsini qaldırıblar, çünki həmin məbləğlər bu xidməti göstərmək üçün kifayət etmir.
Biz də hesablayırıq ki, həmin məbləğlərin artırılması mövzusu var və biz onları öz sərhəd imkanlarımızı inkişaf etdirməyə xərcləyə bilərik. Yavaş-yavaş, nə qədər imkanımız olsa, rusiyalı tərəfdaşlar bizim üçün ödəməsi çox ağır olmayan məbləğ çərçivəsində yerləşəcəklər, sərhədin qalan hissələrinin nəzarətini isə öz üzərimizə götürəcəyik. Bu, məhz müqavilədə nəzərdə tutulub”, - deyə Paşinyan bildirib.
Qeyd edək ki, artıq erməni sərhədçilər Türkiyə ilə sərhəddə yerləşən “Axurik” buraxılış məntəqəsində rusiyalı sərhədçiləri əvəz ediblər. Eyni praktika İranla sərhəddə yerləşən “Aqarak” buraxılış məntəqəsində də tətbiq olunur”, - deyə müəllif vurğulayıb.
Nəşr əlavə edib ki, bu ilin fevralından Ermənistan-Türkiyə dövlət sərhədinin “Marqara” keçid məntəqəsində sərhəd xidməti də yalnız Ermənistan sərhəd qoşunlarının qüvvələri ilə həyata keçirilir.
Alpər Mövludoğlu
Ordu.az