Ermənistanda ABŞ və Rusiya prezidentlərinin mesajları müzakirə masasında: Tramp Baydenin səhvlərini düzəldir

2026/04/1775888747.jpg
Oxunub: 533     18:15     25 Aprel 2026    
“Ermənistanda və diasporda erməni xalqı ABŞ prezidentinin qondarma “soyqırımı” ilə bağlı mesajını gözləyir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.

Məlumata görə, bu il də prezident Donald Tramp illik müraciətində qondarma “soyqırımı” “Böyük Fəlakət” adlandırıb.

“Bu gün biz Böyük Fəlakət zamanı sürgün edilən və amansızcasına öldürülən saysız-hesabsız ermənilərin xatirəsini yad edirik. Bəşər tarixinin bu qəddar fəsli erməni xalqının sarsılmaz ruhunun və xristianlığın təməlində duran ümidin sübutu kimi əbədi qalacaq. Biz ermənilərin keçmişin nəhəng faciələrini aşaraq davamlı rifah, təhlükəsizlik və sülhlə müəyyən olunan daha yaxşı gələcək qurmaq üçün nümayiş etdirdiyi dərin güc və qətiyyətə hörmət bəsləyirik. Biz onların yanındayıq”, - deyə Trampın mesajında qeyd olunub.

Təhlildə vurğulanır ki, Tramp heç bir şəkildə Türkiyəni qınamayıb, əvəzində Ermənistanla münasibətlərdən, özünün yaratdığı Sülh Şurasından danışıb və daha təhlükəsiz, daha firavan dünyanın qurulmasına yönəlmiş işləri davam etdirəcəklərini bildirib.

Qeyd edilir ki, 46-cı prezident Co Bayden 2021-ci ildən etibarən 24 aprel müraciətlərində məhz “soyqırımı” ifadəsini işlədirdi. Tramp isə hakimiyyətə gəldikdən sonra artıq ikinci ildir ki, bu sözü işlətmir və bu, bütövlükdə ABŞ-nin real siyasətini xarakterizə edir.

Məqalədə qeyd olunur ki, dünən Rusiya prezidenti Vladimir Putin də müraciət yayaraq “soyqırımı” ifadəsini vurğulayıb.

“Bu gün biz XX əsrin ən dəhşətli faciələrindən birinin - erməni xalqının “soyqırımı”nın yüz minlərlə qurbanının xatirəsi önündə baş əyirik. Öldürülən, yaralanan, doğma şəhər və kəndlərindən qovulan müdafiəsiz, günahsız insanlara qarşı amansız hesablaşma bütün sivil dünyanı sarsıtdı, onun fəlakətli nəticələri isə dini düşmənçiliyin, millətçiliyin və ksenofobiyanın alovlandırılmasının nələrə gətirib çıxardığını inandırıcı şəkildə göstərdi”, - deyə o bildirib.

Məqalədə vurğulanır ki, Rusiya prezidenti qondarma “soyqırımı” açıq şəkildə pisləyərək bu məsələdə Rusiyanın mövqeyinin daim dəyişməz olduğunu bəyan edib.

Məqalə müəllifi hesab edir ki, ABŞ və Rusiya liderlərinin müraciətləri onların Ermənistana münasibətdə siyasətlərini xarakterizə edir. Ermənistan hakimiyyəti Rusiyadan uzaqlaşaraq Qərbə yönəlmək istədiyi halda, həmin Qərb ermənilərə “hörmət” göstərməkdə qətiyyən maraqlı deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya   ABŞ  


Bizi "telegram"da izləyin