Robert Köçəryan: “Bu gün müharibə mövzusunu qızışdıran Nikol Paşinyandır”

2026/03/1774549432.jpg
Oxunub: 711     18:02     25 Aprel 2026    
“Milli alçaldılma olmamalıdır, ləyaqətli həyat olmalıdır. Məncə, bunlar sadə, fundamental məsələlərdir ki, onlar olmayanda insan özünü daim sıxılmış hiss edir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın ikinci prezidenti, “Hayastan” blokunun baş nazir postuna namizədi Robert Köçəryan Masis sakinləri ilə görüşü zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistanda insanlar daim övladlarının gələcəyi barədə düşünməyə məcburdurlar - onlar Ermənistanda qalacaqlarmı, yoxsa mühacirət edəcəklər.

“Mühit həyat üçün əlverişsiz olacaq. İçəridən nəsə daim insanın beyninə nüfuz edir və onun öz şəhərinə, öz ölkəsinə münasibətini dağıtmağa başlayır.

Mənim sualım budur: niyə Ermənistanın vətəndaşı daim təhlükəsizlik barədə düşünməlidir? Mən bir neçə seçki dövründə prezident olmuşam, çoxlu görüşlər keçirmişəm. Mənim prezidentliyim dövründə heç kim mənə təhlükəsizliklə bağlı sual verməyib. Açığını desəm, belə mövzu yox idi, çünki təhlükəsizlik vardı. İnsanlar əmin idilər ki, əsas məsələ iş yeridir, başqa məsələlər də var idi, çoxlu məsələlər var idi, amma təhlükəsizlik barədə mənə sual vermirdilər. İndi kimlə görüşürsən, birinci sual budur: müharibə olacaqmı, yoxsa yox, ölkə təhlükəsizdirmi, yoxsa yox”, - deyə Robert Köçəryan bildirib.

Onun fikrincə, oğlu olan hər kəs bu cür narahatlıq keçirir: “Əgər orduya getsə, ön xəttə düşəcəkmi, bilmirəm nə olacaq”.

“İndi sual yaranır: niyə belədir? İnsanlar təhlükəsizlik barədə o vaxt düşünməyə başlayırlar ki, ölkə rəhbəri təhlükəsizlik barədə düşünməyi dayandırır. Bu, çox sadə formuldur. Mən bunu ölkəyə görə məsuliyyət daşımış bir insan kimi deyirəm və indi məhz bu təəssüratları sizinlə bölüşürəm. İndi nə etməliyik? Gündəlik həyatımız üçün vacib olana - sakit yaşamağa, proqnozlaşdırılan və sabit həyata sahib olmağa üstünlük verməliyik”, - deyə o vurğulayıb.

Köçəryanın sözlərinə görə, indiki hakimiyyət hər gün xalqa ölkənin təhlükəsiz olmadığını, onun müharibə təhlükəsi ilə üzləşdiyini təlqin etməyə çalışır.

“Mən iki dəfə prezident seçkilərində iştirak etmişəm. Heç vaxt ağlıma gəlməyib ki, deyim əgər müxalifət qalib gəlsə, müharibə başlayacaq. Çünki belə bəyanatlarla siz öz ölkənizi dağıdırsınız ki, bəlkə bir neçə səs artıq alasanız. İndi rəhbərin vəzifəsi bir neçə səs artıq almaqdır, yoxsa ölkədə sabitliyi qorumaq, insanları sakitləşdirmək? Bu gün müharibə mövzusunu qızışdıran Nikol Paşinyandır, bu hakimiyyət bunu hər gün edir. Əgər insan bir şeyi yüz dəfə deyirsə, nəhayət yüz üçüncü dəfə bu, reallığa çevrilə bilər”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Köçəryan   Ermənistan  


Bizi "telegram"da izləyin