“Past”: Rusiyada Avropa İttifaqının yeni missiyası ilə bağlı narazılıq edirlər

2026/04/1775489688.jpg
Oxunub: 619     16:20     25 Aprel 2026    
Avropa İttifaqının Ermənistana yeni missiya göndərilməsi ilə bağlı qərarı təbii olaraq Rusiyanın narazılığına səbəb olmalı idi.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiyada Avropa İttifaqının yeni missiyası ilə bağlı narazılıq edirlər” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, xüsusilə də Avropa qurumları özləri gizlətmirlər ki, həmin missiya Ermənistana açıq-aşkar anti-Rusiya fonunda göndərilir.

“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova, Avropa İttifaqı Şurasının Ermənistana yeni mülki missiya göndərilməsi qərarını şərh edərkən bildirib ki, Avropa İttifaqı qanunsuz maliyyə axınlarının monitorinqi və Avropa İttifaqına qarşı kiberhücumlarla mübarizə bəhanəsi ilə Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq.

“Bu, Avropa İttifaqının ölkədə artıq ikinci mülki missiyasıdır. Amma aydındır ki, Avropa İttifaqının guya İrəvana hibrid təhdidlərə qarşı mübarizədə yardım vasitəsi kimi təqdim etdiyi yeni mexanizm Brüsselə erməni nazirlikləri və milli institutlar üzərində əlavə rıçaqlar verəcək. Qanunsuz maliyyə axınlarının izlənməsi və Avropa İttifaqına qarşı kiberhücumlar, informasiya manipulyasiyaları və üçüncü ölkələr tərəfindən informasiya müdaxiləsi ilə mübarizə bəhanəsi ilə Avropa İttifaqı Ermənistanın daxili işlərinə müdaxilə etməyə çalışacaq. Heç bir halda istisna edə bilmərik ki, onlar iyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticəsinə təsir göstərmək istəyəcəklər”, - deyə Zaxarova bildirib.

Rusiya tərəfi hələ vaxtilə Ermənistanda Avropa İttifaqının missiyasının yerləşdirilməsi qərarına qarşı idi. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi dəfələrlə narazılığını ifadə edib, hətta həmin missiyanı İran, Azərbaycan və Rusiyaya qarşı casusluq aparmaqda ittiham edib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, indi isə Ermənistan hakimiyyətinə qondarma hibrid hücumlara qarşı mübarizədə yardım etməli olan yeni missiya açıq şəkildə anti-Rusiya siyasətinin aparılması ilə bağlıdır.

“Təbii haldır ki, Rusiya tərəfinin narahatlığı həmin missiya gəlməmişdən əvvəl də açıq şəkildə ifadə olunur. Moskva həm Avropa İttifaqının bu addımından, həm də Ermənistan hakimiyyətinin yürütdüyü siyasətdən narazılığını gizlətmir”, - deyə məqalədə vurğulanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya     Ermənistan  


Bizi "telegram"da izləyin