Regional böhran hələ səngiməmişkən, Suriyanın şimal-şərqində olduqca mühüm hərbi hadisə də baş verdi. ABŞ Suriyanın şimal-şərqindəki son hərbi bazası olan “Kasrak”ı aprelin 16-da tərk etdi və Hasakadakı baza Suriya ordusunun nəzarətinə keçdi. Bu baza eyni zamanda ABŞ/İsrail-İran müharibəsi davam edərkən “Həşdi Şabi” qüvvələri tərəfindən hədəf alınmışdı. Bazanın boşaldılması ilə 2014-cü ildən etibarən Suriyada mövcud olan ABŞ hərbi varlığı tamamilə aradan qalxmış oldu. Suriya Prezidenti Əhməd Şaranın 5-ci Antalya Diplomatiya Forumunda vurğuladığı kimi, ölkənin şimal-şərqində daha əvvəl fəaliyyət göstərən Fransa, Böyük Britaniya və Rusiya bazaları da fəaliyyətini dayandırıb. ABŞ-nin çıxması ilə Suriyanın şimal-şərqində xarici ölkələrin hərbi bazası qalmayıb.
ABŞ-nin, YPG-nin Suriya ordusuna inteqrasiyasına imkan verən yanvar ayındakı proseslərdən sonra bu addımı atması həm Şara hakimiyyətinin ölkə daxilində sabit şəkildə irəlilədiyini göstərir, həm də xüsusilə ABŞ-nin, ümumilikdə isə Qərbin Dəməşq rəhbərliyinə verdiyi dəstəyin artaraq davam edəcəyinə işarə edir. Nəticə etibarilə İran böhranı davam edərkən mart ayının sonunda Şara Almaniya və Böyük Britaniyaya səfər edərək Berlin və Londonda yüksək səviyyədə qarşılandı və ölkəsi ilə bağlı müxtəlif məsələləri müzakirə etdi.
YPG ilə inteqrasiya prosesi
30 yanvar razılaşması çərçivəsində YPG briqadalar formasında Suriya ordusuna inteqrasiya olunmağı və Dəməşqin komanda strukturu altında fəaliyyət göstərməyi qəbul etmək məcburiyyətində qalmışdı. Bu inteqrasiya prosesi bəzi çətinliklərə baxmayaraq hazırda davam edir və müxtəlif sahələrdə irəliləyiş əldə olunub. Dəməşqə bağlı hərbi rəhbərlərlə YPG üzvləri arasında davamlı görüşlər keçirilir. Suriya təhlükəsizlik qüvvələri ölkənin şimal-şərqinə də yerləşdirilib. Dəməşq eyni zamanda bölgəyə hərbi nümayəndələr təyin edib.
Bununla yanaşı Dəməşq rəhbərliyi YPG-nin namizəd göstərdiyi Nureddin İsanı Hasaka vilayətinin rəhbəri təyin edib. Ayn əl-Ərəb daxil olmaqla hər yerdə Suriya bayrağı dalğalanır. Dəməşq Həsəkədəki neft yataqlarından hasilata da başlayıb. Hərbi və siyasi məsələlərlə yanaşı Qamışlıdakı hava limanının idarə olunması, səhiyyə sektoru, kənd təsərrüfatı və təhsil kimi sahələrdə də danışıqlar davam edir. Beləliklə inteqrasiyanın mülki istiqamətlərinin tamamlanması üçün tərəflər arasında nümayəndələr səviyyəsində işlər davam etdirilir.
Razılaşma çərçivəsində Afrinə geri dönüşlər də başlayıb. Bu vəziyyət Suriyada daxili sülhün gücləndirilməsi baxımından ən diqqətəlayiq inkişaflardan biri kimi qiymətləndirilə bilər. Eyni zamanda YPG ilə Dəməşq rəhbərliyi arasında qarşılıqlı əsir mübadiləsi prosesi davam edir. Qısacası YPG-Dəməşq inteqrasiyası problemlərdən tam azad olmasa da ümumilikdə müsbət mənzərə mövcuddur.
İsrailin Suriyanın cənubunda rolu
İsrail Levant bölgəsində yeni tənlik qurmaq səylərini davam etdirir. Livanda baş verən böhran səbəbilə suriyalılarla yanaşı təxminən 30 min livanlı da Suriyaya keçib.
Dəməşq rəhbərliyi Livandakı böhrandan minimum təsirlənmək üçün Livan sərhədinə qoşun və hərbi texnika yerləşdirmək məcburiyyətində qalıb. İsrailin dəstəklədiyi “Hikmət əl-Hicri” üzərindən ölkənin cənubunda təsirini davam etdirən Təl-Əviv mart ayı ərzində yenidən druzları əsas gətirərək Suriyanın cənubunda orduya məxsus mövqeləri hədəf aldı. Bundan əlavə İsrail Kuneytra bölgəsinə hücumlarını davam etdirir. 2024-cü il dekabrın 8-dən sonra Suriyanın cənubunda bəzi əraziləri nəzarətə götürən İsrailin bölgədəki fəaliyyətləri getdikcə artır. Dəməşq isə bu fəaliyyətlərə qarşı hələ kifayət qədər cavab verə biləcək gücə malik deyil. Bu səbəbdən İsrailin xüsusilə Suriyada, ümumilikdə isə Levant bölgəsindəki fəaliyyət və müdaxilələrinin yaxın zamanda dayanacağı gözlənilmir.
ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğu azalırmı?
ABŞ Suriyada mərhələli şəkildə hərbi mövcudluğunu azaldaraq bu prosesi başa çatdırdı. Lakin bu strateji qərarın regionun bütövlüyünə şamil edilə biləcəyini demək üçün hələ tezdir. Çünki Suriya dekabrın 8-dən sonra geosiyasi kimliyi dəyişən və Soyuq müharibədən bəri daxil olduğu Rusiya, İran və müttəfiqləri blokundan Qərb blokuna keçən bir ölkədir. Yəni istisna hal kimi qiymətləndirilir.
ABŞ üçün regionun digər ölkələrində vəziyyət fərqlidir. Məsələn ABŞ Suriyanın qonşusu İraqda federal hökumətin nəzarətində olan bölgələrdən çıxıb. Lakin bu ABŞ-nin İraqdan tam çıxması demək deyil. ABŞ mövcudluğunu İraq Kürd Regional İdarəsi ərazisinə köçürməyi seçib və İran müharibəsinin davam etdiyi dövrdə İraqda “Həşdi Şabi” qüvvələrinə qarşı cavab hücumları həyata keçirib.
Körfəz ölkələrindəki ABŞ bazalarının hədəf alınmasından sonra bu ölkələrin ABŞ ilə hərbi ittifaq münasibətlərini yenidən qiymətləndirib-qiymətləndirməyəcəyi daha çox müzakirə olunur. Lakin ABŞ-nin Körfəzə təqdim etdiyi hərbi çərçivə və dəstəyə bərabər alternativ təqdim edə biləcək aktorun olmadığı da aydındır. Hər nə qədər İran ABŞ-ni Körfəzdəki bazalarından çıxarmağa çalışsa da bunun real əsasının olmadığı görünür. Nə Rusiyanın, nə də Çinin ABŞ-nin boşalda biləcəyi boşluğu doldurması real görünmür. Buna görə bəzi Körfəz ölkələri qismən də olsa hərbi strukturlarını digər aktorlara açmağı düşünə bilər. Lakin bu ABŞ-nin regiondan çıxması anlamına gəlməyəcək. Birləşmiş Ərəb Əmirlikləri kimi bəzi Körfəz ölkələri isə İran müharibəsindən sonra ABŞ ilə hərbi əlaqələri daha da inkişaf etdirmək niyyətində görünür. Qısacası Suriyada sona çatan ABŞ hərbi mövcudluğu regional miqyaslı geri çəkilmə anlamına gəlməkdən uzaq görünür.
Sevinc Əliyeva
Ordu.az