Ermənistan müdafiə nazirinin Tbilisi səfəri: Silah tranziti yenidən gündəmdədir?

2026/04/1777097917.jpg
Oxunub: 662     16:49     25 Aprel 2026    
“Bu günlərdə Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstanda səfərdə olub”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Suren Papikyanın Gürcüstana səfəri indi nə baxımdan vacib idi?” başlıqlı məqaləsində yazıb.

Nəşrə görə, səfər çərçivəsində Suren Papikyan İrakli Kobaxidze və İrakli Çikovani ilə görüşüb.

“Bu görüşlər zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığın gedişi, ikitərəfli qarşılıqlı fəaliyyətin prioritetləri, onların inkişaf perspektivləri, eləcə də regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub.

Sirr deyil ki, Gürcüstan Ermənistan üçün xüsusilə silahlanma təchizatı kontekstində tranzit ölkə kimi mühüm əhəmiyyət daşıyır və bu mövzu müzakirə gündəliyində olmaya bilməzdi. Xüsusilə İran ətrafında müharibə şəraitində Ermənistan obyektiv olaraq İran ərazisi ilə silah əldə etməkdə çətinlik yaşayır.

Halbuki bu ilin fevralında Ermənistanın müdafiə naziri Suren Papikyan İrana səfər edəndə ciddi hərbi-siyasi və hərbi planlar qurulmuşdu, bu barədə yazmışdıq.

Gürcüstanla bağlı xatırladaq ki, 2024-cü ilin yanvarında Ermənistan və Gürcüstan arasında strateji tərəfdaşlıq sazişi imzalanmışdı. Həmin vaxt Gürcüstanın baş naziri İrakli Qaribaşvili idi”, - deyə müəllif qeyd edib.

Nəşr bildirib ki, gürcü politoloq Zaal Kasrelişvili Gürcüstanın Ermənistanla strateji tərəfdaşlıq barədə bəyannamə imzalamasının əsas məqsədini tələsik “açıqlamışdı”.

“Rusiya-Gürcüstan müharibəsi zamanı bizim Ermənistanla belə sazişimiz yox idi və həmin vaxt Ermənistan ərazisindən Rusiya qoşunları Gürcüstanın infrastrukturuna zərbələr endirirdi. İndi isə bu saziş imzalandıqdan sonra Ermənistan orada təsbit olunmuş tələbi yerinə yetirməyə borcludur”, - deyə o vurğulamışdı.

Belə səviyyəli hansı problemin Ermənistan tərəfindən həll edildiyi və ya Gürcüstanın hansı öhdəliyi götürdüyü mahiyyət etibarilə indiyədək kifayət qədər məlum deyil. Halbuki silahlanma təchizatı məsələsində erməni tərəfi Gürcüstan tərəfindən problem yaşamasa, bu, artıq müsbət haldır.

Burada gürcü siyasətçi Levan Pirvelinin “Minval.az”a 2024-cü ilin yanvarında verdiyi müsahibəni də xatırlatmaq lazımdır. O müsahibədə Gürcüstanın Ermənistana göndərilən Fransa silahları üçün ərazi “ayırmaq” qərarının motivasiyasını açıqlamışdı.

“Gürcüstan buna ona görə razılaşdı ki, Avropa İttifaqına namizəd ölkə statusu alsın. Çünki Avropa İttifaqı və kollektiv Qərb faktiki olaraq Gürcüstanda inqilab “təşkil etməklə” hədələyirdi. Əgər Gürcüstan namizəd statusu almasaydı, bu baş verə bilərdi. Buna görə də bu risklərdən yayınmaq üçün Gürcüstan Ermənistan üçün “hərbi tranzit”ə razılaşmağa məcbur idi”, - deyə o ətraflı bildirmişdi.

Əlbəttə, Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu alması baxımından ciddi inkişaflar baş verdi, lakin bir məsələ aydındır: belə qərarlar konkret maraq güdür və bəlkə də indi Gürcüstan tərəfi üçün həmin maraq dəyişib.

Hər halda xatırladaq ki, 2023-cü ilin noyabrında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili də bildirmişdi ki, dövlətlərin beynəlxalq müqavilələrlə qadağan olunmayan adi silah və sursat əldə etmək hüququ var.

“Gürcüstanın mövqeyi ondan ibarətdir ki, hər iki ölkəyə tranzit funksiyamızdan bərabər şərtlərlə istifadə etmək imkanı verilsin”, - deyə o vurğulamışdı.

Ermənistan isə bu baxımdan mahiyyət etibarilə təhlükə yaratmır”, - deyə müəllif yazıb.

Nəşr vurğulayıb ki, 44 günlük müharibə zamanı Gürcüstan Rusiyadan Ermənistana silah yüklənmiş təyyarələr üçün hava və quru yollarını bağlamışdı.

“Bunu keçmiş Baş Qərargah rəisi Onik Qasparyan da təsdiqləmişdi. Əlbəttə, Gürcüstan bu addımı atmaqla bağlı öz əsaslandırmasını təqdim etmişdi və buna ətraflı toxunmuşduq.

Ermənistanın müdafiə naziri Suren Papikyanın Gürcüstana səfərinin daha konkret hansı nəticələr verəcəyini isə zaman göstərəcək”, - deyə məqalədə qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papikyan   Gürcüstan  


Bizi "telegram"da izləyin