Ermənistanın müdafiə naziri silah tədarükü ilə bağlı Gürcüstana səfər edib?

2026/04/1776779751.jpg
Oxunub: 550     17:35     25 Aprel 2026    
Ermənistanın müdafiə naziri Suren Papikyan aprelin 21-də rəsmi səfərlə Gürcüstana gedib, müdafiə naziri və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Papikyan Gürcüstanda nə axtarırdı?” başlıqlı məqaləsində yazıb.

Nəşrin mənbələrinin məlumatına görə, Papikyanın Gürcüstana səfəri yaxın vaxtlarda Emmanuel Makronun İrəvana edəcəyi dövlət səfəri ilə birbaşa bağlıdır.

“Yelisey Sarayı bildirmişdi ki, Emmanuel Makron mayın 4-də Avropa Siyasi Birliyi Zirvə Toplantısında iştirak edəcək, növbəti gün, mayın 5-də isə iki günlük dövlət səfəri çərçivəsində Ermənistanda olacaq.

Fransa prezidenti özü ilə strateji tərəfdaşlıq sənədi gətirəcək və bu sənəd İrəvanda imzalanacaq. Hələ ötən il mayın 26-da Ermənistan və Fransanın xarici işlər nazirləri Ararat Mirzoyan və Jan-Noel Barro birgə mətbuat konfransında Ermənistan və Fransanın strateji tərəfdaşlıq sənədi imzalayacağını bəyan etmişdilər.

Təxminən bir il sonra həmin sənəd yalnız indi “canlanır” və mənbəmizin sözlərinə görə, yalnız Nikol Paşinyanın israrlı xahişlərindən sonra baş verir.

Məsələ ondadır ki, bir çox Avropa ölkələrinin liderləri Ermənistana, Avropa Siyasi Birliyi sammitinə gəlməyə meylli deyillər. İlham Əliyev artıq imtina edib, Rəcəb Tayyib Ərdoğanın da böyük ehtimalla gəlməyəcəyi bildirilir”, - deyə nəşr bildirib.

Müəllifin sözlərinə görə, Paşinyan anlayır ki, əldə olunmuş nailiyyət əvəzinə ciddi diplomatik uğursuzluqla üzləşə bilər.

“Buna görə də Fransa prezidentindən nə bahasına olursa-olsun həmin sənədi imzalamağı xahiş edib.

Bəs Papikyan indi Gürcüstanda nə axtarır?

Məsələ ondadır ki, Fransadan Ermənistana silah tədarükü yalnız Gürcüstan ərazisi vasitəsilə həyata keçirilir, Tbilisi isə tez-tez maneələr yaradaraq bu və ya digər tədarükə qadağa qoyur.

Fransa prezidenti özü ilə silah gətirmək və ya bununla bağlı İrəvanda bəyanat vermək istəyir.

Ermənistan hökumətindəki mənbəmiz bildirib ki, Papikyan Tbilisiyə yerində danışıqlar aparmaq üçün gedib ki, Gürcüstan tərəfi Poti limanından Fransa silahlarının maneəsiz şəkildə Ermənistana çatdırılmasına icazə versin.

Gürcüstanın hansı cavabı verdiyi hələ məlum deyil. Əlbəttə, bu danışıqlarla bağlı rəsmi məlumatlarda heç nə qeyd olunmayıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin