Zelenski Trampı inandıra bildi? Ukrayna texnologiyası ABŞ bazalarına gedir

2026/04/1776965395.jpg
Oxunub: 690     21:24     23 Aprel 2026    
“Reuters” xəbər verib ki, ABŞ Dövlət Departamenti İran ərazisində olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. Dövlət Departamenti bununla yanaşı Ermənistan, Azərbaycan, Türkiyə və Türkmənistanın quru yolları ilə çıxış variantını da göstərib, Əfqanıstan və Pakistan ərazisini isə “təhlükəsiz olmayan” kimi qiymətləndirib. KİV ehtimal edib ki, Ağ Ev “İrana qarşı hərbi əməliyyatların bərpasını çox mümkün hesab edir”.

İranın “Tasnim” agentliyi isə öz növbəsində İslam İnqilabı Keşikçiləri Korpusunun “yüksək vəzifəli nümayəndəsinin” bəyanatını yayıb. Həmin bəyanatda o, “cənub qonşularına xatırladıb ki, Hörmüz boğazı yalnız gəmiçilik marşrutu deyil, həm də kabel rabitəsini təmin edir”. “Israel Inside” belə nəticəyə gəlib ki, İran Fars körfəzi ərəb ölkələrini “zərurət yaranarsa rabitə kabellərinə zərər vuracağı ilə hədələyir”. Daha əvvəl İran regiondakı Amerika peyk rabitə mərkəzlərini məhv etməklə hədələmişdi.

İrana qarşı hərbi əməliyyatların bərpasının “yüksək ehtimalı”nın daha bir sübutu da göstərilir. Buna görə, ukraynalı hərbçilər Səudiyyə Ərəbistanındakı ən böyük ABŞ hərbi bazasında “pilotsuz uçuş aparatlarına qarşı mübarizənin qabaqcıl texnologiyalarını yerləşdirməyə və amerikalı hərbçilərə onların tətbiqi üçün lazım olan bacarıqları öyrətməyə başlayıblar”.

Ukrayna həmin texnologiyaları Rusiyaya qarşı müharibədə uğurla tətbiq edir. Söhbət İran istehsalı olan “Şahed” pilotsuz uçuş aparatlarına qarşı mübarizə vasitələri və onların tətbiqi üçün proqramlaşdırılmış sistemin qurulmasından gedir. Həmin hərbi baza bir neçə dəfə İran pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Məlum olub ki, ABŞ hava hücumundan müdafiə vasitələrinin “effektivliyi yüksək deyil, istifadə olunan raketlərin dəyəri isə həddindən artıq böyükdür”.

Əgər Qərb və ərəb KİV-lərinin yaydığı bu məlumat həqiqətə uyğundursa, onda qeyd etmək lazımdır ki, Ukrayna prezidenti Vladimir Zelenskinin təklifi Donald Tramp üçün qəbulolunan olub. Martın əvvəlində məlum olduğu kimi, ABŞ prezidenti Zelenskinin təklifini rədd etmiş və bildirmişdi ki, ABŞ-nin “müdafiə məsələsində heç kimin köməyinə ehtiyacı yoxdur”.

Səudiyyə Ərəbistanı ərazisindəki ABŞ hərbi bazasının müdafiəsinə Ukrayna texnologiyaları və proqram təminatının cəlb olunması beynəlxalq arenada Ukraynanın hərbi sənayesinin, elmi-texniki və texnoloji sistemlərinin nüfuzunu kəskin şəkildə artıracaq. Faktiki olaraq ABŞ və Ukrayna Yaxın Şərqdə strateji müttəfiq kimi fəaliyyət göstərəcəklər. Bu isə Ukrayna nizamlanması məsələsində ABŞ mövqeyinə təsirsiz ötüşə bilməz.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Tramp   Ukrayna   ABŞ  


Bizi "telegram"da izləyin