Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağalıda olub - YENİLƏNİB

2026/04/dsfsd-1776330576.jpg
Oxunub: 611     13:29     16 Aprel 2026    
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edən nümayəndə heyəti Zəngilan rayonuna səfəri çərçivəsində Ağalı kəndinə baş çəkərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə tanış olub.

Ordu.az xəbər verir ki, səfər zamanı qonaqlara 2021-ci ilin aprelində təməli qoyulmuş bu "Ağıllı kənd" barədə ətraflı məlumat verilib.

Bildirilib ki, layihə çərçivəsində müasir və innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya edilmiş 200 fərdi yaşayış evi, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilərək istifadəyə verilib.

Nümayəndə heyəti kənd sakinləri ilə görüşüb, onların gündəlik yaşayışı ilə maraqlanıb və yerli sakinlərin hazırladığı milli şirniyyatlara qonaq olub.

Bundan başqa, Komissiya üzvlərinə Zəngilan şəhərinin inkişaf konsepsiyası və həyata keçirilən layihələr təqdim olunub. Təqdimatda şəhərin baş planı, nəzərdə tutulan infrastruktur layihələri və müasir şəhərsalma yanaşmaları barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Zəngilan şəhəri "Ağıllı şəhər" konsepsiyası əsasında yenidən qurulur və burada ekoloji davamlılıq, rəqəmsal həllər və müasir idarəetmə prinsipləri əsas prioritetlər kimi müəyyən edilib.

***

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə səfər edərək burada həyata keçirilən bərpa və quruculuq işləri ilə yaxından tanış olublar.

Ordu.az xəbər verir ki, nümayəndə heyətinə Zəngilan şəhərinin yenidən qurulması, Ağalı kəndində tətbiq olunan "ağıllı kənd" konsepsiyası və bölgədəki mövcud vəziyyət barədə geniş məlumat verilib.

Qeyd edək ki, “Ağıllı kənd" modelinin ilk nümunəsi Zəngilan rayonunun Ağalı kəndidir. Bu yaşayış məntəqəsi sıfırdan, innovativ və enerji baxımından səmərəli həllərlə inşa olunub.

Kəndin enerji təminatı üçün Həkəri çayı üzərində hər biri 212 kVt gücündə üç hidravlik turbin quraşdırılıb. İnzibati binaların damında 325 kVt gücündə günəş panelləri yerləşdirilib. Evlərdə kombinə edilmiş istilik sistemləri, günəş kollektorları və enerji qənaətli avadanlıqlar tətbiq olunub. Xüsusi izolyasiya materialları istilik itkisini minimuma endirir. Çirkab suların bioloji təmizlənməsi isə ildə 41 min kubmetr texniki suyun təkrar istifadəsinə imkan verir.

Ağalı kəndində yüksək sürətli GPON internet şəbəkəsi mövcuddur. "Ağıllı" müşahidə kameraları, məlumat lövhələri, audio anons sistemləri, Wi-Fi nöqtələri və avtomatik meteoroloji stansiyalarla təchiz olunmuş çoxfunksiyalı işıq dirəkləri kəndin rəqəmsal infrastrukturunu tamamlayır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya  


Bizi "telegram"da izləyin