Paşinyanın aparat rəhbəri: “Konstitusion çoxluq əldə etmək məsələsini həll edəcəyimizə əminəm”

2026/04/Ekran-1776267969.jpg
Oxunub: 429     19:43     15 Aprel 2026    
“Siyasi qüvvələr adətən qarşılarına məqsəd qoyur və həmin məqsədləri həll etməyə çalışırlar. Mən əminəm ki, biz bu məsələni həll edəcəyik, çünki son vaxtlar cəmiyyətlə təmaslarımız, ümumi tendensiyalar və proseslər göstərir ki, bizdə belə imkan var”.

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan Mərkəzi Seçki Komissiyasında “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısını təqdim etdikdən sonra jurnalistlərə açıqlamasında qərargah rəhbəri, Baş nazirin aparat rəhbəri Arayik Harutyunyan bildirib.

Jurnalistin “Hakimiyyət “Güclü Ermənistan” partiyasının iki qadın üzvünün saxlanılmasından sonra tənqid olunur və həmin partiya bunu hakimiyyətin qorxusu kimi təqdim edir” sözlərinə Harutyunyan belə cavab verib: “Bilirsinizmi, 2018-ci ildən əvvəl niyə müxalifət uğur qazana bilmirdi? Çünki real gücünü və imkanlarını düzgün qiymətləndirə bilmirdi və hər dəfə eyni ifadə işlədilirdi: rejim panika içərisindədir.

Hörmətli həmkarlar, bizdə institutlar işləyir və hər hansı şəxs cinayət törədərsə, istər gənc qadın, istər yaşlı kişi, istərsə də vəzifəli şəxs olsun, sistem buna reaksiya verir və qanun çərçivəsində hərəkət edir. Sistem baxmır ki, həmin şəxs kimdir, xüsusilə də hesab edirəm ki, müvafiq qurumlar qərar qəbul edərkən humanist yanaşma nümayiş etdiriblər”.

Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə 65+ faiz səs əldə edəcəklərini deməsinə münasibət bildirən Harutyunyan qeyd edib: “Əgər bu 2017-ci il olsaydı və siz saxtalaşdırılmış seçkilər görsəydiniz, belə sual verə bilərdiniz. Amma səkkiz ildir ki, belə hal olmayıb və hesab edirəm ki, belə sualların verilməsinə ehtiyac yoxdur”.

Xatırladaq ki, siyasi qüvvələrin müraciətlərini Ermənistan Mərkəzi Seçki Komissiyası aprelin 13-dən aprelin 23-dək qəbul edir. “Vətəndaş Müqaviləsi” partiyası siyahını təqdim edən ilk siyasi qüvvədir.

Seçkiqabağı təşviqat mayın 8-dən başlayacaq və iyunun 5-i saat 24:00-dək davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harutyunyan   Ermənistan  


Bizi "telegram"da izləyin