Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan-Putin görüşü: erməni-rus oyununun yeni və sərt qaydalarını müəyyənləşdirmək cəhdi” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edib ki, Rusiya tərəfi görüşə yaxşı hazırlaşmışdı.
“Rusiya prezidenti Vladimir Putin çıxışında erməni-rus münasibətlərinin demək olar ki, bütün aktual mövzularına, enerji daşıyıcılarının qiymətləri, Avropa İttifaqına inteqrasiya, Ermənistandakı daxili siyasi gərginlik, rusiyameylli qüvvələrin məhdudlaşdırılması və sair məsələlərə toxundu. Ermənistan hakimiyyətinin uzun müddətdir Rusiyadan qaynaqlanan hibrid təhdidlər barədə verdiyi açıqlamalardan sonra Putin bu görüşdə açıq şəkildə bildirdi ki, Rusiya Ermənistanın parlament seçkilərində bütün Rusiyameylli qüvvələrin iştirak edə bilməsini istərdi.
“Biz sizinlə həmişə səmimi dialoq aparırıq və istərdik ki, bütün siyasi qüvvələr və siyasi xadimlər daxili siyasi proseslərdə iştirak edə bilsinlər. Onlardan bəziləri azadlıqda deyillər, halbuki Rusiya pasportları var. Bu sizin qərarınızdır, biz müdaxilə etmirik, amma hər halda istərdik ki, onların hamısı daxili siyasi proseslərdə iştirak edə bilsinlər”, - deyə Putin bildirmişdi.
Putinin sözlərinə görə, Ermənistan iqtisadiyyatı yaxşı tempdə inkişaf edir, son illərdə Avrasiya İqtisadi Birliyi ölkələrinə ixrac 10 dəfə artıb”, - deyə nəşr qeyd edib.
Müəllifin sözlərinə görə, Putin iddia etmişdi ki, Moskva Ermənistan-Avropa İttifaqı münasibətlərinin inkişafı ilə bağlı gedən müzakirələrə “tam sakit” yanaşır. Lakin Rusiya lideri eyni zamanda xatırladıb ki, eyni vaxtda həm Avropa İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində olmaq mümkün deyil.
“Rusiya prezidenti enerji daşıyıcıları barədə də danışaraq bildirib ki, Avropada qazın qiyməti 1000 kubmetr üçün 600 dolları keçir, Rusiya isə qazı Ermənistana 177,5 dollara satır ki, bu da onun sözlərinə görə “böyük və əhəmiyyətli” fərqdir.
Paşinyan isə öz növbəsində Putinin fikirlərinə cavab verərək bildirib ki, erməni-rus münasibətləri heç vaxt şübhə altına alınmayacaq. Lakin o, eyni zamanda qeyd edib ki, Ermənistan mümkün olduğu qədər Avrasiya İqtisadi Birliyinə üzvlüyü və Avropa İttifaqına inteqrasiya gündəmini birləşdirməyə çalışacaq. Paşinyan, həmçinin növbəti dəfə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı narazılığını ifadə edib, həm də bildirib ki, Qarabağı Azərbaycanın tərkibində tanımazdan əvvəl bunu Rusiya prezidenti Putin etmişdi. Paşinyan həmçinin qeyd edib ki, başqa ölkənin vətəndaşlığı olan şəxslər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edə, namizəd ola və deputat və ya baş nazir ola bilməzlər”, - deyə müəllif yazıb.
Məqalədə vurğulanıb ki, görüşdən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk da bəyanatla çıxış edib.
“Overçukun iddiasına görə, İrəvan elə bir nöqtəyə çox yaxındır ki, bundan sonra Rusiya Ermənistanla iqtisadi münasibətlərini “başqa cür qurmağa məcbur olacaq”. Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqına üzv olacağı təqdirdə Rusiya ilə hava əlaqəsinə malik olmayacaq. “Avropa İttifaqı ölkələri ilə indi hava əlaqəsi yoxdur. Bu o deməkdir ki, Ermənistanla da hava əlaqəmiz olmayacaq”, - deyə Rusiya baş nazirinin müavini bildirib.
Overçukun sözlərinə görə, Ermənistan vətəndaşları rəsmi İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma ilə bağlı qəbul etdiyi qərarın mümkün nəticələrini dərk etməlidirlər. “Bəlkə çox sərt səslənir, amma biz istəyirik ki, Ermənistanda insanlar anlasınlar ki, əgər bu baş versə, deməli baş verəcək, çünki Avropa İttifaqı ilə yaxınlaşma qərarları qəbul olunub”, - deyə rusiyalı rəsmi bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyan-Putin görüşünə toxunaraq deyib ki, erməni tərəfi Vladimir Putinin Nikol Paşinyanla görüş zamanı səsləndirdiyi narahatlıqlara anlayışla yanaşıb. “Erməni tərəfi Rusiyanın ifadə etdiyi narahatlıqları anladığını göstərdi. Münasibətlərin praktikada necə inkişaf edəcəyini görəcəyik”, - deyə Lavrov rus jurnalist Pavel Zarubinlə söhbətində bildirib.
Ekspert ictimaiyyəti qeyd edir ki, görüş qeyri-adi dərəcədə açıq və birbaşa vurğularla seçilib”, - deyə nəşr bildirib.
Müəllif yazıb ki, bundan əlavə, bir sıra ehtimallara görə, görüşün qapalı hissəsi də az maraqlı olmayıb və açıq hissədən daha geniş mövzular dairəsini əhatə edib.
“Moskva əslində uzun müddət Rusiya ekspert dairələrində və pərdəarxasında müzakirə olunanları ictimailəşdirdi: qazın qiymətinin siyasi komponenti, Ermənistanda rusiyameylli təsirin məhdudlaşdırılması və bu təsirin bərpasının zəruriliyi.
Biz dəfələrlə qeyd etmişik ki, Ukrayna müharibəsi fonunda Rusiya ənənəvi təsirə malik olduğu regionlarda passivləşib, lakin eyni zamanda Rusiya dairələri bildirirlər ki, Rusiya Cənubi Qafqazı tərk etmir, əksinə, təsir zonalarını yenidən nəzərdən keçirmək və hələ də rıçaqları qalan regionlarda möhkəmlənmək istəyi var. Cənubi Qafqaz, xüsusən də Ermənistan belə nöqtələrdən biri olaraq qalır, lakin burada Rusiyanın təsiri xeyli azalıb”, - deyə nəşr qeyd edib.
Məqalə müəllifinin sözlərinə görə, aydındır ki, Ermənistanın xarici siyasətini çoxvektorlu istiqamətə yönəltmək və ya Avropa İttifaqına inteqrasiyanı prioritet seçmək cəhdləri Moskvada nəzarətin itirilməsi kimi qəbul olunur.
“Bu fonda Putinin birbaşa çıxışı sanki erməni-rus münasibətlərində Rusiyanın “qırmızı xətləri”ni elan etməyə yönəlmişdi. Rusiyanın Ermənistan üçün qazın “ucuz” olmasını vurğulaması yalnız iqtisadi məsələ deyil. Bu, asılılıq barədə açıq siyasi siqnaldır.
Qazın qiyməti erməni-rus münasibətlərində həmişə siyasi loyallıq müqabilində iqtisadi imtiyaz, geosiyasi seçim müqabilində sosial sabitlik kimi təqdim olunub. Moskva bu görüşdə məsələni ictimai şəkildə formalaşdıraraq göstərməyə çalışdı ki, Ermənistan Avropa İttifaqına üzv olacağı təqdirdə nədən məhrum olacaq.
Bir sıra məlumatlara görə, görüşün bu açıq şərhləri daha çox hakimiyyət üçün deyil, məhz xalq üçün nəzərdə tutulmuşdu. Putinin Ermənistanda rusiyameylli qüvvələrin məhdudlaşdırılması barədə danışması xüsusən hibrid təhdidlər barədə fəal müzakirələr fonunda daha həssas və ziddiyyətli məsələ idi.
Lakin görünür, bu vurğu da təsadüfi deyildi. Rusiya tərəfi həm daxili, həm də xarici auditoriyaya göstərməyə çalışır ki, onun Ermənistanda hələ də maraqları var və bu maraqları qorumağa hazırdır. Eyni zamanda Ermənistan hakimiyyətinə siqnal ötürür ki, Moskva öz təsirinin zəifləməsini yeni norma kimi qəbul etməyəcək. Ermənistan üçün bu görüş əslində seçimin daha aydın qoyulması təklifidir. İrəvanın iki seçimi var: çoxvektorlu siyasəti davam etdirmək ki, bu da iqtisadi təzyiqlər kimi risklər doğurur, ya da daha proqnozlaşdırıla bilən sahəyə qayıtmaq və Rusiya ilə ciddi asılılıq münasibətləri modelini saxlamaq. Lakin hələ də sual altındadır ki, Moskva bu siyasətini və mövqeyini irəli aparmağa nail olacaqmı, çünki bir şey bəyan etməkdir, başqa şey isə real siyasətdə nəticə əldə etməkdir”, - deyə məqalədə bildirilib.
Nəşrə görə, Paşinyan-Putin görüşü bir daha göstərib ki, erməni-rus münasibətləri yeni mərhələyə, daha az diplomatik, daha çox hesablanmış təzyiq və açıq siqnallar mərhələsinə daxil olub.
“Həm Paşinyan hakimiyyəti, həm də indiki Rusiya artıq öz gözləntilərini gizlətməyə çalışmır və onları açıq şəkildə ifadə etməyə hazırdır. Bu isə o deməkdir ki, Ermənistan üçün xarici siyasətdə “orta yol” getdikcə daha dar və daha çətin keçilən olur. Bu görüş sadəcə dialoq deyil, regional oyunun qaydalarını dəyişmək cəhdi idi. Bunun uğur qazanıb-qazanmayacağını isə zaman göstərəcək”, - deyə müəllif qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az