Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İki ölkə arasında müdafiə sənayesi əməkdaşlığı sazişi ilə Braziliyanın müdafiə sənayesi məhsullarına olan tələbatının Türkiyə müdafiə sənayesi tərəfindən qarşılanması və müdafiə sənayesi əməkdaşlığının hər iki ölkənin xeyrinə inkişaf etdirilməsi hədəflənir.
Saziş ilə ortaq istehsal və texnologiya transferinin həyata keçirilməsi, müdafiə sənayesi məhsullarının qarşılıqlı tədarükü, birgə istehsal olunacaq məhsulların üçüncü ölkələrə satışı və Türkiyə müdafiə sənayesi məhsullarına bazar imkanı yaradılması ilə bağlı məsələlər tənzimlənir. Ötən il də Türkiyə ilk reaktiv mühərrik ixracını Braziliyaya həyata keçirmişdi.
Xarici işlər nazirinin müavini Mehmet Kemal Bozay Braziliya ilə bağlanan saziş barədə millət vəkillərinə məlumat verərkən xatırladıb ki, Latın Amerikası və Karib regionunda Braziliya 25 milyard dollarlıq müdafiə sənayesi xərcləri ilə bu sahəyə ən çox vəsait ayıran ölkədir. Bozay deyib: “Braziliya ilə müdafiə sənayesi sahəsində münasibətlərimiz sürət qazanıb. Əməkdaşlığımızın silah, sursat və öldürücü olmayan materialların alqı-satqısından kənara çıxaraq ortaq layihələr və texnologiyalar hazırlanmasına yönəlməsi üzərində dayanırıq. Hazırkı mərhələdə TUSAŞ Braziliya mərkəzli “Akaer Engenharia” və “Embraer” şirkətləri ilə anlaşma memorandumu imzalayıb. TUSAŞ ilə “Embraer” arasında ortaq təyyarə istehsalı platformasının yaradılması üzərində işləyirik. Bundan əlavə, TUSAŞ-ın AKSUNGUR və ANKA seriyalı pilotsuz uçuş aparatlarının Braziliyanın ehtiyacları nəzərə alınmaqla həmin şirkətlə birlikdə istehsalı məsələsi üzrə danışıqlar aparırıq. Reaktiv mühərriklərlə bağlı əlaqələr də mövcuddur. Digər tərəfdən ROKETSAN, Baykar Braziliya şirkətləri ilə müdafiə sənayesi məhsullarının satışı barədə danışıqlar aparır”.
Sevinc Əliyeva
Ordu.az