NYT: İran hücumlardan saatlar sonra yeraltı raket şaxtalarını bərpa edir

2026/04/1775378497.jpg
Oxunub: 533     12:36     05 Aprel 2026    
İran ABŞ və İsrailin hücumlarından sonra yeraltı raket obyektlərini sürətlə bərpa edir. Bu isə onun raket potensialının məhv edilməsi səylərinin effektivliyini şübhə altına alır.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

ABŞ kəşfiyyat məlumatlarına görə, iranlı mütəxəssislər Amerika və İsrail bombalarının zərər vurduğu yeraltı raket bunkerlərini və şaxtalarını qısa müddətdə qazaraq yenidən istifadəyə qaytarıblar. İran həmçinin raketlərinin və mobil buraxıcı qurğularının əhəmiyyətli hissəsini qoruyub saxlayıb.

Məlumatda qeyd olunur ki, bu vəziyyət ölkəyə İsrailə və regiondakı digər dövlətlərə qarşı ballistik raketlərdən istifadəni davam etdirməyə imkan verir. Eyni zamanda, ilkin məlumatlara görə, ABŞ kəşfiyyatı İranın nə qədər buraxılış qurğusuna malik olduğunu dəqiq qiymətləndirə bilmir.

Bu həftə Pentaqon və Ağ ev İranla mübarizədə ciddi irəliləyiş əldə olunduğunu bəyan edib. Brifinq zamanı bildirilib ki, beş həftəlik müharibə ərzində İranda 11 min hədəfə zərbələr endirilib. Lakin ABŞ kəşfiyyat orqanları İranın raket potensialının məhv edilməsinə nə qədər yaxın olunduğunu sual altına alır.

ABŞ müdafiə naziri Pit Hegset isə İranın hücum intensivliyinin azaldığını vurğulayıb.

“Bəli, onlar hələ də bir neçə raket buraxacaqlar, lakin biz onları vuracağıq”, - deyə Hegset bildirib.

O əlavə edib: “Qeyd edin ki, son 24 saat ərzində İran ən az sayda düşmən raket və pilotsuz uçuş aparatı buraxıb. Onlar yeraltına çəkiləcəklər, lakin biz onları tapacağıq”.

Nazirin və Ağ ev rəsmilərinin sözlərinə görə, müharibənin başlanmasından etibarən İranın raket və pilotsuz uçuş aparatı buraxılışlarının səviyyəsi kəskin şəkildə azalıb.

Xatırladaq ki, Tehran qısamüddətli atəşkəs və ABŞ nümayəndələri ilə görüş təklifini rədd edib və yalnız müharibənin tam dayandırılmasını tələb edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket  


Bizi "telegram"da izləyin