Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“BƏƏ-nin hava hücumundan müdafiə sistemləri raket və pilotsuz uçuş aparatı təhdidlərinə qarşı fəal şəkildə fəaliyyət göstərir”, - deyə nazirlik “X” platformasında ingilis dilində paylaşımında bildirib və əlavə etdiyi ərəb dilində bəyanatda mərmilərin İrandan gəldiyini qeyd edib.
“MOD (Müdafiə Nazirliyi) bildirir ki, ölkə üzrə eşidilən səslər raketlər və pilotsuz uçuş aparatları ilə bağlı davam edən qarşıdurma əməliyyatlarının nəticəsidir”, - deyə əlavə olunub.
İran ordusu bildirib ki, BƏƏ-də “alüminium sənayesi obyektlərini” və Küveytdə ABŞ hərbi infrastrukturunu hədəf alır. Bu barədə şənbə günü rəsmi IRNA agentliyi məlumat yayıb.
İran Körfəz qonşularını ABŞ qüvvələrinə öz ərazilərindən hücumlar həyata keçirməyə imkan verməkdə ittiham edir, lakin Körfəz ölkələri bu ittihamları dəfələrlə təkzib edərək, müharibədən əvvəl də öz ərazi və hava məkanlarının İrana qarşı istifadə olunmasına icazə verməyəcəklərini bildiriblər.
ABŞ və İsrail fevralın sonlarında İrana qarşı zərbələr endirdikdən sonra başlayan regional müharibə fonunda İranın cavab hücumlarının əsas yükünü Körfəz ölkələri daşıyır.
BƏƏ ABŞ-nin yaxın müttəfiqidir və 2020-ci ildə İsraillə münasibətləri normallaşdıran iki Körfəz ölkəsindən biridir, digəri isə Bəhreyndir.
Fevralın 28-dən bəri Körfəz boyunca atılan raket və pilotsuz uçuş aparatlarının əsas hədəfi məhz bu ölkə olub.
Sevinc Əliyeva
Ordu.az