“Axios”: ABŞ xüsusi təyinatlı qüvvələri İranda vurulan F-15-in heyətinin ikinci üzvünü xilas edib

2026/03/1772437237.jpg
Oxunub: 448     10:41     05 Aprel 2026    
ABŞ xüsusi təyinatlı qüvvələri İran üzərində vurulan F-15 qırıcı təyyarəsinin heyətinin ikinci üzvünü xilas edib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” amerikalı üç rəsmi şəxsə istinadən məlumat yayıb.

Rəsmilərdən birinin sözlərinə görə, heyət üzvü, silah sistemləri zabiti cümə günü təyyarədən katapult etdikdən sonra yaralanıb, lakin yeriyə bilib və bir gündən artıq müddətdə dağlarda gizlənə bilib.

ABŞ mediasının məlumatına görə, vurulan təyyarə ilə bağlı insident ABŞ hərbçiləri üçün əsl kabusa çevrilib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da İranın cənub-qərbində itkin düşmüş amerikalı zabitin axtarışına qoşulub.

Heyətin hər iki üzvü İran ərazisində həyata keçirilən xüsusi əməliyyat zamanı xilas edilib.

Rəsmilərdən biri bildirib ki, şənbə günü keçirilən əməliyyat güclü hava qoruması altında komando xüsusi bölməsi tərəfindən həyata keçirilib. ABŞ qoşunları güclü atəş açıb və hazırda bütün qüvvələr İran sərhədlərindən kənardadır.

İki mənbənin məlumatına görə, F-15-in pilotu və silah sistemləri zabiti cümə günü katapult etdikdən sonra rabitə sistemləri vasitəsilə əlaqə yaradıblar.

Pilot təyyarənin vurulmasından bir neçə saat sonra xilas edilib. Həmin xilasetmə əməliyyatı zamanı İran ABŞ-yə məxsus Blackhawk helikopterini vurub, nəticədə heyət üzvləri yaralanıb, lakin helikopter uçuşunu davam etdirə bilib. Silah sistemləri zabitinin tapılması və xilas edilməsi üçün isə bir gündən çox vaxt tələb olunub.

Administrasiyanın yüksək vəzifəli nümayəndəsi Axios-a bildirib ki, zabitin yerinin müəyyənləşdirilməsindən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dezinformasiya kampaniyası başladıb və İranda amerikalı hərbçilərin artıq onu tapdığı və quru yolu ilə təxliyə etməyə çalışdığı barədə məlumatlar yayıb. Bu müddətdə MKİ onun axtarışı üçün “müstəsna imkanlarından” istifadə edib.

“Bu, sözün əsl mənasında samanlıqda iynə axtarmaq idi, lakin bu halda bu, dağlıq ərazidə gizlənmiş amerikalı cəsur ruh idi və MKİ imkanları olmasaydı, görünməz qalardı”, - deyə rəsmi bildirib.

Rəsminin sözlərinə görə, MKİ onun dəqiq yerini Pentaqona, amerikalı hərbçilərə və Ağ Evə çatdırıb və Prezident Tramp dərhal xilasetmə əməliyyatının həyata keçirilməsi barədə əmr verib.

İki amerikalı rəsminin sözlərinə görə, SEPAH da həmin əraziyə qüvvələr göndərərək xilasetmə əməliyyatının qarşısını almağa çalışıb.

ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri İran qüvvələrinə zərbələr endirərək onların əraziyə çatmasına imkan verməyib. Mənbələrin bildirdiyinə görə, Tramp və komandasının yüksək vəzifəli üzvləri əməliyyatın gedişini Ağ Evin situasiya mərkəzindən izləyiblər.

ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində xilasetmə faktını təsdiqləyərək bunu “ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından biri” adlandırıb.

O bildirib ki, zabit, polkovnik “yaralanıb, lakin onunla hər şey yaxşı olacaq”.

“Bu cəsur döyüşçü düşmən xəttinin arxasında - İranın təhlükəli dağlarında idi, onu düşmənlərimiz təqib edirdi və onlar hər saat daha da yaxınlaşırdılar”, - deyə Tramp yazıb.

Ağ Evin nümayəndəsi bildirib ki, Tramp şənbə günü bütün günü Oval kabinetdə olub və müdafiə naziri Pit Heqsetdən mütəmadi olaraq məlumatlar alıb.

F-15 və Blackhawk-dan başqa, İran cümə günü A-10 hücum təyyarəsini də vurub və bununla Trampın, Heqsetin və digər rəsmilərin ABŞ-nin İran səmasında maneəsiz üstünlük əldə etməsi ilə bağlı bəyanatlarını təkzib edib. Həmin pilot dost əraziyə çataraq təhlükəsiz şəkildə katapult edə bilib. Tramp bildirib ki, heyətin hər iki üzvünün xilas edilməsi və heç bir amerikalının həlak olmaması ABŞ-nin “tam hava üstünlüyünün” sübutudur.

Bu arada, dolayı danışıqların gedişinə bələd olan iki mənbənin sözlərinə görə, son günlər diplomatik səylər çox cüzi irəliləyiş əldə edib.

Şənbə günü Tramp hədələyib ki, əgər rejim 48 saat ərzində Hörmüz boğazını açmağa razılaşmasa, İranda “cəhənnəm hökm sürəcək”. Daha əvvəl o, elektrik stansiyaları kimi mülki infrastruktura zərbələr endirməklə də hədələmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin