Çin Yaponiyanın malik olduğu nüvə materialı ehtiyatları ilə bağlı narahatlığını ifadə edib

2026/04/nukle-1775291507.jpg
Oxunub: 433     12:28     04 Aprel 2026    
Çin Yaponiyanın malik olduğu nüvə materialı ehtiyatları ilə bağlı narahatlığını ifadə edərək, siyasət məhdudiyyətləri aradan qaldırıldığı halda ölkənin həm resurslara, həm də nüvə silahı hazırlaya biləcək sənaye infrastrukturuna sahib olduğunu bildirib.

Ordu.az “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, Yaponiya 2024-cü ilin sonuna olan vəziyyətə əsasən təxminən 44,4 ton ayrılmış plutonium ehtiyatı toplayıb.

Bu miqdarın təxminən 5.500 nüvə döyüş başlığı istehsalına kifayət edəcək səviyyədə olduğu qiymətləndirilir.

Lakin Tokionun siyasət çərçivəsi ölkədə nüvə silahlarının saxlanılmasını, istehsalını və ya ölkəyə gətirilməsini qadağan edən “Üç Nüvə Olmama Prinsipi”nə əsaslanır.

Bundan əlavə, Yaponiyanın Atom Enerjisi Əsas Qanunu nüvə texnologiyasının yalnız sülh məqsədli istifadəsinə icazə verərək silahlanmaya gedən yolu məhdudlaşdırır.

Bu kontekstdə Çinli xəbər mənbəyi Yaponiyanın inkişaf etmiş mülki nüvə infrastrukturu və texniki potensialının, sözügedən məhdudiyyətlərin dəyişməsi halında nəzəri olaraq sürətlə nüvə silahı hazırlama prosesinə keçidi mümkün edə biləcəyini irəli sürüb.

Sözügedən qiymətləndirmə Tokionun genişlənən müdafiə sənayesi infrastrukturu və mülki-hərbi texnologiyalar arasında inteqrasiyanın artması ilə də əlaqələndirilib.

Bu inkişaflar Pekin rəhbərliyinin son dövrdə atdığı addımların fonunda baş verib. Çin ikili təyinatlı məhsulların ixracına məhdudiyyətlər tətbiq edərkən, “Mitsubishi Heavy Industries”, “Kawasaki Heavy Industries” və “IHI Corporation” kimi böyük Yaponiya sənaye şirkətlərini də əhatə edən sanksiyalar tətbiq etməyə başlayıb.

Artan gərginlik

Sözügedən hesabat Çin ilə Yaponiya arasında xüsusilə Tayvan məsələsi üzərindən artan gərginliyin yaşandığı bir dövrdə yayımlanıb.

Mart ayında Tokio Şərqi Çin dənizində artan Çin dəniz fəaliyyətləri fonunda hərbi mövqeyini gücləndirmək məqsədilə cənub-qərb bölgəsinə uzun mənzilli əks-zərbə raketləri yerləşdirməyi planlaşdırdığını açıqlayıb.

Gərginlik Yaponiyanın baş naziri Sanae Takaiçinin ötən ilin noyabr ayında verdiyi açıqlama ilə daha da artıb. Takaiçi Çinin Tayvana mümkün hücumunun Yaponiyanın hərbi cavab verməsinə səbəb ola biləcəyini bildirib. Pekin isə Tayvanı öz ərazisi hesab etməyə davam edir və güc tətbiqini istisna etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yaponiya  


Bizi "telegram"da izləyin