“The Telegraph”: ABŞ xüsusi təyinatlıları İranda vurulmuş qırıcı təyyarənin pilotunu xilas etmək üçün əməliyyat keçirir

2026/04/1775289302.jpg
Oxunub: 499     11:50     04 Aprel 2026    
ABŞ xüsusi təyinatlıları cümə günü axşam saatlarında vurulmuş qırıcı təyyarənin ekipaj üzvünü xilas etmək məqsədilə İrana daxil olublar.

Ordu.az xəbər verir ki, bu barədə “The Telegraph” yazır.

İran öz hava məkanında ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsini vurub.

Britaniya nəşrinin məlumatına görə, ekipajın iki üzvü katapult edərək xilas olmağı bacarıb və bu, “İran və ABŞ arasında yerə enmiş amerikalı pilotları birinci tapmaq uğrunda real yarış yaradıb”.

İki ABŞ hərbi helikopterinin və aşağı hündürlükdə uçan yanacaq doldurma təyyarəsinin iştirakı ilə həyata keçirilən əməliyyat nəticəsində pilotlardan birini xilas etmək mümkün olub. Əməliyyat zamanı uçuş vasitələri yüngül silahlardan açılan atəşlə hədəfə alınıb.

Rəsmi mənbələrin məlumatına görə, hər iki helikopter İran tərəfindən açılan atəş nəticəsində zədələnib. Onlardan biri tüstü buraxaraq İraq ərazisinə qayıdıb, lakin hər iki helikopter uğurla eniş edə bilib.

Cümə axşamına olan məlumata görə, ikinci pilotun yeri hələ də naməlumdur.

Daha əvvəl, aprelin 3-də İranın hava hücumundan müdafiə qüvvələri ABŞ qırıcı təyyarəsini vurmuşdu. İslam İnqilabı Keşikçiləri Korpusu bildirmişdi ki, söhbət bir yerlik F-35 təyyarəsindən gedir. Lakin CNN və “Axios” İran mediasının yaydığı görüntüləri təhlil edərək əslində iki yerlik F-15 “Strike Eagle” qırıcı təyyarəsinin vurulduğu qənaətinə gəliblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin