ABŞ mətbuatı xəbər verir ki, qəzaya uğrayan döyüş təyyarəsinin pilotlarının axtarış-xilasetmə əməliyyatı zamanı iki ABŞ helikopteri İran tərəfindən açılan atəş nəticəsində vurulub.
Məlumatlara görə, adı açıqlanmayan ABŞ rəsmisi bildirib ki, həmin helikopterlər xilasetmə missiyası zamanı hədəfə alınıb. Hadisənin detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Axtarış-xilasetmə əməliyyatında hücum iddiası
Rəsmiyə istinadən bildirilir ki, helikopterlər qəzaya uğramış pilotların yerini müəyyən etmək və onların təxliyəsini həyata keçirmək məqsədilə fəaliyyət göstərirdi. Əməliyyat zamanı İran qüvvələri tərəfindən atəş açıldığı iddia olunur. Helikopterlərin vəziyyəti və mümkün itkilər barədə dəqiq məlumat verilməyib.
ABŞ Müharibə Nazirliyindən (Pentaqon) hadisə ilə bağlı hələlik təsdiq və ya ətraflı açıqlama verilməyib. Bölgədə hərbi fəallığın artması və gərginliyin yüksəlməsi səbəbindən məlumatların məhdud olduğu qeyd olunur.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus ikinci təyyarə Fars körfəzində qəzaya uğradı
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha bir döyüş təyyarəsinin Fars körfəzi bölgəsində qəzaya uğradığı bildirilib. “The New York Times” qəzetinin iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, hadisə cümə günü baş verib.
Rəsmilər bildiriblər ki, tək uçuş həyata keçirən pilot qəzadan sağ xilas edilib. Adının açıqlanmasını istəməyən mənbələr əməliyyatın həssas xarakter daşıdığını əsas gətirərək detalları açıqlamayıblar.
A-10 təyyarəsi Hörmüz boğazı yaxınlığında qəzaya uğradı
Verilən məlumata görə, qəzaya uğrayan təyyarənin “Fairchild Republic A-10 Thunderbolt II” olduğu bildirilir. Təyyarənin Hörmüz boğazı yaxınlığında düşdüyü qeyd olunur.
Eyni vaxtda başqa bir ABŞ döyüş təyyarəsinin İran üzərində vurulması bölgədə artan gərginliyi göstərir. Lakin A-10-un düşmə səbəbi və dəqiq yeri barədə məlumat verilməyib.
İranda düşən F-15E təyyarəsi: heyət xilas edilib
“Associated Press”in məlumatına görə, İranın cənubunda qəzaya uğrayan “McDonnell Douglas F-15E Strike Eagle” tipli döyüş təyyarəsinin ən azı bir heyət üzvü ABŞ qüvvələri tərəfindən xilas edilib.
Təyyarədə neçə nəfərin olduğu hələ dəqiq deyil, lakin ABŞ mənbəsi vurulan təyyarənin F-15E olduğunu təsdiqləyib.
F-15E-nin əməliyyat imkanları
F-15E “Strike Eagle” həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarını yerinə yetirə bilən çoxməqsədli döyüş təyyarəsidir. Adətən pilot və silah sistemləri zabitindən ibarət iki nəfərlik heyət tərəfindən idarə olunur.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə uzaq məsafədən hədəflərə zərbə endirmək, düşmənin yerüstü qüvvələrini zərərsizləşdirmək və tapşırıqdan sonra təhlükəsiz şəkildə geri qayıtmaq imkanına malikdir.
Arxa kabinədə yerləşən silah sistemləri zabiti uçuş zamanı təhdidləri izləyərək hədəf seçimi və nişanalma prosesini idarə edir.
ABŞ hərbi rəsmiləri münaqişə zamanı İranın bəzi bölgələrində hava üstünlüyü əldə edildiyini bildirmişdi. Lakin bu hadisə, əgər vurulma təsdiqlənsə, sahədə risklərin hələ də yüksək olduğunu göstərir.
İranda ABŞ pilotu üçün mükafat elan edilib: 10 milyard toman iddiası
İranda yerli bir rəsmi, vurulduğu iddia edilən ABŞ döyüş təyyarəsi ilə bağlı xəbərlərdən sonra prioritetlərinin ABŞ pilotunu “sağ ələ keçirmək” olduğunu açıqlayıb.
İran xəbər agentliyinin məlumatına görə, İranın cənubundakı Kohgiluye və Boyer-Əhməd vilayətinin qubernatoru təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə müraciət edib.
“Tutana mükafat veriləcək” açıqlaması
Qubernator bildirib ki, ABŞ heyətinin ələ keçirilməsi əsas məqsəddir və “düşmən qüvvələrini ələ keçirən və ya zərərsizləşdirən şəxslər” xüsusi şəkildə mükafatlandırılacaq.
Bu açıqlama bölgədə axtarış fəaliyyətlərinin intensivləşdirildiyini göstərir.
İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd etdi
İran ABŞ tərəfindən irəli sürüldüyü iddia edilən 48 saatlıq atəşkəs təklifini rədd edib. “Fars” Xəbər Agentliyinin adı açıqlanmayan mənbəyə istinadən yaydığı məlumata görə, təklif Tehran tərəfindən qəbul edilməyib.
Xəbərdə qeyd olunur ki, təklif çərşənbə günü kimliyi açıqlanmayan bir ölkə vasitəsilə çatdırılıb. ABŞ tərəfindən isə bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Vasitəçilik səyləri və diplomatik təmaslar
Daha əvvəl “The Wall Street Journal” yazmışdı ki, İran vasitəçilər üzərindən ABŞ ilə təmas qurmağa ehtiyatla yanaşır. Qəzetin məlumatına görə, Tehran yaxın günlərdə İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini rəsmi kanallarla bildirib.
Tehran: “Müvəqqəti atəşkəs deyil, daimi həll”
Abbas Əraqçi bildirib ki, İran müvəqqəti atəşkəs deyil, müharibənin tam və qalıcı şəkildə başa çatdırılmasını hədəfləyir.
Əraqçi həmçinin müharibə nəticəsində yaranan zərərlərin ödənilməsini və ABŞ tərəfindən təqdim olunan təkliflərin yenidən nəzərdən keçirilməsini şərt kimi irəli sürüb.
İranlı nazir Vaşinqtonun təqdim etdiyi 15 maddəlik təklifə hələ rəsmi cavab verilmədiyini, iki ölkə arasında etimad səviyyəsinin “sıfır” olduğunu və bəzi tələblərin “həddindən artıq” hesab edildiyini bildirib.
Sevinc Əliyeva
Ordu.az