Ordu.az Yaxın Şərqdə aprelin 4-ü səhər saatlarınadək baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.
İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi “Press TV”yə müsahibəsində bildirib ki, Hörmüz boğazındakı mövcud vəziyyət uzun müddət dəyişməz qala bilər və İran bunu illərlə davam etdirməyə qadirdir.
“İran bu vəziyyəti uzun illər saxlamağa qadirdir”, - deyə o bildirib və ABŞ və onun müttəfiqlərinin gəmiləri üçün strateji əhəmiyyət daşıyan su yoluna girişin faktiki bağlanmasına toxunub.
Onun sözlərinə görə, regiondakı ABŞ hərbi bazaları və qarnizonlarının təchizatı üçün istifadə edilən avadanlıqların böyük hissəsi dəniz yolu ilə daşınır və İran artıq buna imkan verməməlidir.
İran ABŞ-nin gündəlik itkilərinin siyahısını da açıqlayıb və ABŞ Hərbi Hava Qüvvələrinin komandanını istefaya çağırıb.
Bildirilib ki, F-15 qırıcısı və A-10 təyyarəsi məhv edilib, iki helikopter və daha bir A-10 zədələnib, F-16 isə vurulub və sonradan qəza siqnalı ötürüb.
ABŞ qüvvələri İran üzərində vurulan təyyarədən katapult edən F-15 heyət üzvünü axtardığı vaxt Donald Tramp hələ də itkin düşən heyət üzvünə zərər dəyəcəyi halda Vaşinqtonun nə edəcəyini açıqlamayıb.
ABŞ prezidenti “The Independent”ə qısa müsahibəsində İran qüvvələrinin pilotu ələ keçirməsi halında hansı addımları atacağını söyləməkdən imtina edib.
“Bunu şərh edə bilmərəm, ümid edirik ki, belə bir şey baş verməz”, - deyə Tramp bildirib.
ABŞ prezidentinin İranın körpülərini, elektrik stansiyalarını və enerji infrastrukturunu məhv etməklə bağlı təhdidlərinə cavab olaraq İran Silahlı Qüvvələri bir daha xəbərdarlıq edib ki, bu təhdidlər reallaşarsa, ABŞ və İsraili qəbul edən ölkələrə, onların müttəfiqlərinə, yanacaq, enerji, iqtisadi mərkəzlər və elektrik stansiyaları ilə bağlı ərazilərə hücumlar gücləndiriləcək.
İran Silahlı Qüvvələri qeyd edib ki, regionda ABŞ hərbi bazaları yerləşdirən ölkələr təhlükədən yayınmaq istəyirlərsə, amerikalıların öz ərazilərini tərk etməsinə nail olmalıdırlar.
Qəzaya uğrayan ABŞ-yə məxsus A-10 təyyarəsinin F-15E heyətinin təxliyəsi üzrə axtarış-xilasetmə əməliyyatına yaxın hava dəstəyi göstərdiyi vaxt İran atəşi altında vurulduğu bildirilib.
“ABC News”un məlumatına görə, təyyarə Küveytə çata bilsə də, orada qəzaya uğrayıb. Pilot katapult edib.
Sevinc Əliyeva
Ordu.az