“The Wall Street Journal”: BƏƏ və Səudiyyə Ərəbistanı İranla yalnız bir halda müharibəyə girəcək

2026/03/1774364043.jpg
Oxunub: 413     08:30     04 Aprel 2026    
Tehranın bir zamanlar dünya neft tədarükünün beşdə birinin keçdiyi Hörmüz boğazına nəzarət etmək qabiliyyəti İranın ABŞ, Fars körfəzindəki qonşuları və qlobal iqtisadiyyat üzərində ən böyük rıçağına çevrilib.

Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Məqalədə bildirilir ki, İranın bu müharibədə uğuru və ya uğursuzluğu əsasən Tehranın münaqişədən Hörmüz boğazına nəzarəti əlində saxlayaraq çıxıb-çıxmayacağından asılıdır. Bu isə eyni zamanda qlobal enerji bazarlarının açarlarının kimin əlində qalacağını müəyyən edəcək.

“İranlılar üçün Hörmüz boğazı indi onların nüvə proqramından daha vacibdir. Nüvə proqramı simvolik idi, amma onlara heç bir çəkindirici güc vermədi”, - deyə Con Hopkins Universitetinin professoru və Dövlət Departamentinin keçmiş yüksək vəzifəli əməkdaşı Vali Nəsr deyib.

“İndi onların bu müharibədə sağ qalmasının yeganə səbəbi boğazdır. İranlılar hesab edirlər ki, boğaz sonda onların nəzarətində qalmalıdır, çünki bu, onların yeganə çəkindirici amili və yeganə gəlir mənbəyidir”, - deyə o əlavə edib.

Nəşr qeyd edir ki, BƏƏ və Səudiyyə Ərəbistanı kimi Fars körfəzi Əməkdaşlıq Şurasına daxil olan dövlətlərin güclü dəniz və hava qüvvələri var. Bununla belə, diplomatlar və rəsmilər bildiriblər ki, ABŞ-nin genişmiqyaslı müdaxiləsi olmadan bu ölkələrin Hörmüz boğazı ətrafında İranla birbaşa münaqişəyə girməsi az ehtimal olunur.

Bununla yanaşı, Türkiyə, Misir və Pakistan kimi digər regional oyunçularla birlikdə və beynəlxalq ictimaiyyətin əksəriyyətinin dəstəyi ilə bu Fars körfəzi dövlətləri İran üzərində Hörmüz boğazından sərbəst keçidin bərpası üçün ciddi siyasi və iqtisadi təzyiq yarada bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Səudiyyə-Ərəbistanı  


Bizi "telegram"da izləyin