İsveçrə Aİ-nin ardınca Gürcüstanın diplomatik pasport sahibləri üçün viza rejimi tətbiq edir

2026/04/1775277719.jpg
Oxunub: 438     08:25     04 Aprel 2026    
İsveçrə aprelin 3-dən etibarən Gürcüstanın diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün viza rejimi tətbiq edəcək. Bu addım Avropa İttifaqının analoji qərarından sonra atılır.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti Gruziya” məlumat yayıb.

İsveçrə hakimiyyəti vurğulayıb ki, ölkə Avropa İttifaqının üzvü olmasa da, Şengen zonası çərçivəsində qəbul olunan tədbirləri həyata keçirməyə borcludur.

Məhdudiyyətlərin 12 ay müddətində qüvvədə olacağı və yalnız xüsusi pasport sahiblərinə şamil ediləcəyi bildirilib.

Adi sənədlərə sahib olan Gürcüstan vətəndaşları isə qısamüddətli səfərlər üçün Şengen zonasına vizasız giriş hüququnu qoruyub saxlayacaqlar.

Bu yeni tədbirləri həyata keçirmək üçün İsveçrə həmçinin Gürcüstanla vizaların verilməsinin sadələşdirilmiş prosedurlarına dair sazişin bir neçə maddəsinin tətbiqini dayandırır.

“Novosti Gruziya” xatırladır ki, Avropa İttifaqı 2026-cı il martın 6-da Gürcüstanın diplomatik və xidməti pasport sahibləri üçün vizasız gediş-gəlişi dayandırıb. Brüssel həmin vaxt izah etmişdi ki, bundan sonra həmin şəxslərə Şengen zonasına rəsmi məqsədlərlə daxil olmaq üçün viza lazım olacaq.

Bu tədbirlər Gürcüstanda demokratiya və insan hüquqları sahəsində üzərinə götürülən öhdəliklərin “sistemli şəkildə pozulması”, o cümlədən etirazçılara, müxalif siyasətçilərə və müstəqil mediaya qarşı repressiyalar, həmçinin Aİ ilə viza siyasətinin əlaqələndirilməsindən imtina ilə əlaqələndirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveçrə   Gürcüstan  


Bizi "telegram"da izləyin