Ordu.az xəbər verir ki, bu barədə “Xatəm əl-Ənbiya” Mərkəzi Komandanlığının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, uzaqmənzilli raketlərlə Təl-Əvivin qərbində və Eylat limanında İsrail ordusunu dəstəkləyən yerləşdirmə mərkəzləri və hərbi-sənaye obyektləri məhv edilib.
İslam İnqilabı Keşikçiləri Korpusunun hərbi-dəniz qüvvələri Fars körfəzinin cənub ölkələrində yerləşən ABŞ və İsrailə məxsus hərbi və infrastruktur obyektlərinə çoxsaylı ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları ilə kütləvi zərbələr endirib.
Hücumun ikinci mərhələsində ballistik raketlər BƏƏ-də yerləşən ABŞ hərbi pilotları və uçuş mühəndislərinin gizli toplaşma məntəqəsinə dəqiq zərbələr endirib və ciddi itkilərə səbəb olub.
Düşmənin əməliyyatlarının əsasını təşkil edən informasiya texnologiyaları və süni zəka sahəsində fəaliyyət göstərən şirkətlərə də hücumlar həyata keçirilib. Bu zərbələr ABŞ-nin Amazon şirkətinin bulud infrastrukturuna, həmçinin BƏƏ-də yerləşən “Oracle” şirkətinin sistemlərinə zərər vurub.
Əməliyyatın ilk mərhələsində ballistik raketlər Küveytdə Əl-Şüveyx limanındakı ABŞ hərbi dəniz bazasını, həmçinin Bəhreyndəki radar stansiyasını məhv edib.
Davam edən hücumlar çərçivəsində Hayfanın cənub-şərqində yerləşən “Ramat David” aviabazası ballistik raketlərlə vurulub. Bundan əlavə, Təl-Əvivin mərkəzində 50-dən çox obyekt “Xorrəmşəhr” raketləri ilə zərərsizləşdirilib.
İran bu gün səhər pilotsuz uçuş aparatları ilə İordaniyada ABŞ-yə məxsus texnika anbarlarına və yaşayış komplekslərinə, Küveytdə ABŞ zirehli texnika bazasına və Bəhreynin ən böyük alüminium zavoduna zərbələr endirib.
Bəzi qanadlı raketlər ölkənin mərkəzi və qərb bölgələrində, iki kamikadze pilotsuz uçuş aparatı isə cənub bölgələrində məhv edilib. Bundan əlavə, Keşm adasının cənubunda düşmənin müasir döyüş təyyarəsi vurulub, təyyarə Həngam və Keşm adaları arasında dənizə düşərək batıb.
Sevinc Əliyeva
Ordu.az