İran ətrafında vəziyyətin nə vaxt və necə tənzimlənəcəyini heç kim proqnozlaşdıra bilməz. Eyni sözləri Rusiyanın Ukraynada “strateji qələbəsi” barədə də demək olar. Lakin aydındır ki, ikinci perspektiv ABŞ-nin bu məsələdəki mövqeyindən asılıdır. Belə çıxır ki, Ukraynada böyük ölçüdə ABŞ-dən asılı olan Rusiya İran məsələsində həmin ABŞ-nin maraqlarına zidd hərəkət edə bilər. Aydındır ki, Rusiya TRIPP layihəsini ləğv etdirmək üçün İranın çox fəal dəstəyinə ehtiyac duyur.
Məntiqə sığmır ki, Donald Tramp Vladimir Putinə Ukraynanı diz çökdürməkdə kömək etsin ki, Rusiya sonradan İrana strateji dəstək versin və birlikdə “Tramp yolu” layihəsini iflasa uğratsınlar. Praktiki olaraq İranın sərt ritorikasının nəyi ifadə etdiyi də aydın deyil. Əvəzində qəti demək olar ki, İran əleyhinə müharibəni qınayan heç bir ölkə İslam Respublikasının nüvə və raket proqramını dəstəkləmir, daha doğrusu teokratik rejimin müttəfiqi deyil.
Ukraynada Rusiyanın “strateji qələbəsi” məsələsinə gəlincə, bu, bu gün müharibənin başlanğıc ili və ya 2025-ci illə müqayisədə daha uzaq görünür. Rusiyanın dövlət informasiya agentliyi “RİA Novosti” etiraf edib ki, “Moskvanın, hərbi-siyasi qərarların qəbul edildiyi mərkəzin sərhədləri tarixdə heç vaxt indiki qədər müdafiəsiz olmayıb”. Rusiyalı siyasi analitik XIX əsrin görkəmli alimi Mendeleyevi xatırladaraq onun Rusiyanın “mərkəzini Uraldan şərqə köçürmək” təklifini yada salıb.
Nə qədər qəribə səslənsə də, rusiyalı müəllif bu nəticəyə məhz İrana qarşı müharibənin təcrübəsinə əsaslanaraq gəlib. Müqayisə olduqca aydındır: əgər ABŞ və İsrailin hava hücumundan müdafiə və raketdən müdafiə vasitələri İranın pilotsuz uçuş aparatları və ballistik raketləri qarşısında acizdirsə, strateji qarşıdurma şəraitində eyni halın Rusiyanın hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri ilə baş verməyəcəyinə kim zəmanət verə bilər? Əslində bu, fərziyyə deyil, mövcud vəziyyətin təsviridir, Ukraynanın pilotsuz uçuş aparatları və “Flamingo” raketləri Rusiyanın Avropa hissəsində istənilən hədəfi vura bilir.
Göründüyü kimi, Rusiya “müharibə fondu” yaratmaq təşəbbüsündən, iş həftəsi və iş gününün uzadılması ilə bağlı oliqarx Deripaskanın təkliflərindən və informasiya axınlarından da anlaşıldığı kimi, genişmiqyaslı qarşıdurmaya hazırlaşır. ABŞ də öz növbəsində qüvvə və imkanlarını yenidən qruplaşdırır. Tam istisna deyil ki, Rusiya və ABŞ arasında “ümumi anlaşma” real vəziyyətin sınağından keçməsin.
Münaqişədən sonrakı İran tamamilə fərqli ölkə ola bilər. Lakin bu, hələlik yalnız nəzəri ehtimaldır. Üstəlik, onun Rusiyanın strateji müttəfiqi olacağı və birlikdə “TRIPP layihəsini ləğv edəcəkləri” barədə heç bir qəti zəmanət yoxdur.
Nəhayət, Rusiya baş nazirinin müavini Overçukun Türkmənçay müqaviləsinin “status-kvo”sunu xatırlatması ilk növbədə İranın ünvanına yönəlmiş açıq imperiya mesajıdır. “Daha güclü” İran üçün Moskvanın bu mövqeyi qətiyyən qəbulolunan olmayacaq.
Asif Cəfərov
Ordu.az