Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, hazırda “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında tikintisi davam edən ilk Tepe sinfinə məxsus esminesin adı TCG KOCATEPE olacaq. Gəminin 2027-ci ilin sonunda suya buraxılması gözlənilir.
“Tepe” sinfinə məxsus esmineslə Türkiyə Hərbi Dəniz Qüvvələri MİLGEM layihəsi ilə başlayan “Milli Gəmi” prosesində ilk dəfə milli esmines sinfinə məxsus dəniz platformasını silahlanmasına daxil etmiş olacaq.
Layihə çərçivəsində indiyədək inşa olunan MİLGEM ADA sinfinə məxsus korvetlər və MİLGEM İSTİF sinfinə məxsus freqat tipli döyüş gəmiləri həm Türkiyə Hərbi Dəniz Qüvvələrinin, həm də müxtəlif müttəfiq ölkələrin istifadəsinə verilib.
Layihənin bir hissəsi kimi hazırlanmış TCG UFUK sınaq və təlim gəmisi də artıq xidmətə qəbul edilib.
ADA sinfinə məxsus korvetə bənzər layihəyə malik HİSAR sinfinə məxsus açıq dəniz patrul gəmiləri üzrə də ilk gəmilərin bu il Türkiyə və Rumıniya donanmalarına təhvil verilməsi planlaşdırılır. Eyni zamanda təxminən 20-yə yaxın İSTİF sinfinə məxsus freqat və HİSAR sinfinə məxsus patrul gəmisi üzrə inşa işləri davam edir.
“Tepe” sinfinə məxsus esmineslərin xüsusiyyətləri
İnşa ediləcək esmines tipli döyüş gəmilərinin uzunluğu təxminən 150 metr, subasımı qabiliyyəti isə 8.300 ton olacaq.
Gəmilər 26+ düyün maksimal sürətə çata biləcək. Onların üzərində ASELSAN tərəfindən hazırlanmış CENK çoxfunksiyalı radar sistemi və radioelektron mübarizə sistemi, ROKETSAN tərəfindən hazırlanmış 96 hüceyrəli MİDLAS şaquli buraxılış sistemi, MKE tərəfindən hazırlanmış 127 mm çaplı dəniz topu, yaxın hava hücumundan müdafiə raket və top sistemləri, 15 tonluq helikopter meydançası, aşağı tezlikli aktiv sonar, korpusa quraşdırılmış sonar, 2x3 torpedo borusu, CODOG hərəkət sistemi və HAVELSAN ADVENT döyüş idarəetmə sistemi yer alacaq.
40 il xidmət müddəti nəzərdə tutulan gəmilər 180 gün ərzində fasiləsiz dəniz əməliyyatları apara biləcək və aşağı radar, infraqırmızı və akustik görünürlük xüsusiyyətlərinə malik olacaq.
Gəmidəki MİDLAS hüceyrələri uzun mənzilli hava hücumundan müdafiə, qanadlı və gəmi əleyhinə raketlərin buraxılışını təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az