Ordu.az xəbər verir ki, hesabatda quru, hava və dəniz platformaları ilə yanaşı, raket sistemləri və pilotsuz texnologiyalar sahəsində əldə olunan irəliləyişlər ətraflı şəkildə yer alıb.
Quru sistemlərində yerliləşdirmə və istehsal fəaliyyəti
Hesabatda Yeni Nəsil T-155 K/M Fırtına özüyeriyən artilleriya qurğuları çərçivəsində güc qurğusunun yerliləşdirilməsi üzrə işlərin davam etdiyi qeyd olunaraq bildirilib: “Layihə çərçivəsində tələb olunan sayda güc qurğusunun yerli istehsal hesabına hazırlanması hədəflənir. Müxtəlif sayda güc qurğusunun Yeni Nəsil T-155 K/M “Fırtına” sisteminə inteqrasiyası tamamlanıb və təchizat prosesi davam edir”.
ALTAY əsas döyüş tankı layihəsində seriyalı istehsala hazırlıq işlərinin davam etdiyi, T-155 “Panter” özüyeriyən artilleriya qurğusunun modernizasiyası üzrə isə prototipin artıq silahlanmaya qəbul edildiyi və seriyalı istehsal mərhələsinin davam etdiyi bildirilib.
İnsansız Quru Platforması (İQP) layihəsinin kəşfiyyat, müşahidə, maneələrin məhv edilməsi və riskli tapşırıqlarda şəxsi heyət itkilərinin azaldılması məqsədilə hazırlandığı vurğulanıb.
Hərbi Hava Qüvvələrində modernizasiya və yeni platformalar
F-16 qırıcılarının modernizasiyası ilə bağlı hesabatda qeyd olunub: “Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 təyyarələrinin mərhələli modernizasiyası davam etdirilir. Müxtəlif sayda təyyarənin modernizasiyası tamamlanıb və qalanların 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır”.
Milli Döyüş Təyyarəsi KAAN layihəsində sınaq uçuşları üzrə fəaliyyətlərin davam etdiyi, “Blok-10” konfiqurasiyasına malik təyyarələrin 2027-2029-cu illərdə silahlanmaya qəbulunun planlaşdırıldığı bildirilib.
Yeni Nəsil Əsas Təlim Təyyarəsi HÜRKUŞ-B layihəsində inkişaf, kvalifikasiya və sertifikatlaşdırma proseslərinin davam etdiyi qeyd olunub. Həmçinin “Eurofighter Typhoon” təyyarələrinin təchizatı üzrə müqavilənin 2025-ci il oktyabrın 27-də imzalandığı bildirilib.
Pilotsuz sistemlər və yeni hava imkanları
AKINCI, ANKA-S və AKSUNGUR pilotsuz uçuş aparatı sistemlərinin sayının artırıldığı və aktiv şəkildə istifadə edildiyi qeyd olunub. “Bayraktar” TB-3 pilotsuz uçuş aparatı sisteminin TCG Anadolu ilə inteqrasiya sınaqlarının davam etdiyi bildirilib.
KIZILELMA pilotsuz döyüş təyyarəsi layihəsi ilə bağlı isə qeyd olunub: “Döyüş təyyarələrinə alternativ ola biləcək, düşmənin radioelektron mübarizə tədbirlərinə qarşı qorunan, səsdən sürətli və ya səsaltı sürətlərlə uça bilən, aşağı radara görünmə xüsusiyyətinə malik, reaktiv mühərrikli platformanın hazırlanması məqsədilə 2025-ci il noyabrın 25-də müqavilə imzalanıb”.
Raket və hava hücumundan müdafiə sistemlərində irəliləyiş
MSB “hava-hava” raketi üzrə ramjet mühərrikli layihə barədə bildirib: “Orta və uzaq mənzilli, bərk yanacaqlı ramjet mühərrikli “hava-hava” raketinin hazırlanması nəzərdə tutulur. 2025-ci ilin avqustunda başlayan layihədə 2031-ci ilin martında F-16 üçün kvalifikasiyanın tamamlanması planlaşdırılır”.
Bu çərçivədə GÖKBORA və GÖKHAN layihələri ön plana çıxır. TAYFUN ballistik raket sistemi, ATMACA və KARA ATMACA layihələri üzrə sınaq və silahlanmaya qəbul proseslərinin davam etdiyi bildirilib.
HİSAR-A və HİSAR-O hava hücumundan müdafiə sistemlərinin mərhələli şəkildə silahlanmaya qəbul edildiyi qeyd olunub.
Dəniz layihələrində genişmiqyaslı fəaliyyətlər
Milli Aviadaşıyıcı Gəmi (MUGEM) layihəsində layihələndirmə işlərinin davam etdiyi və sınaq uçuş rampasının 2025-ci ilin dekabrında tamamlandığı açıqlanıb.
Milli Sualtı Qayıq (MİLDEN) layihəsində ilk sınaq blokunun istehsalına başlanıldığı və Faz-1 müqaviləsinin imzalandığı bildirilib. Havadan müstəqil hərəkət sistemi ilə təchiz olunan sualtı qayıqlar üzrə TCG “Pirireis” və “Hızırreis”in xidmətə qəbul edildiyi qeyd olunub.
MİLGEM İ sinfinə məxsus “İstanbul” freqatının Hərb Dəniz Qüvvələri Komandanlığına daxil olduğu, Pakistan üçün inşa edilən korvetlərdən PNS “Khaibar”ın təhvil verildiyi bildirilib.
Həmçinin Dəniz Patrul Gəmiləri, Yeni Tip Desant Gəmisi (YLCT) və yeni nəsil mina axtaran gəmilər üzrə layihələrdə də irəliləyiş əldə olunub.
Radioelektron mübarizə və dəstək sistemləri
“Süper Şimşek” layihəsi çərçivəsində sistemin radioelektron mübarizə və qanadlı raket rolunda istifadə oluna biləcək şəkildə inkişaf etdirildiyi bildirilib.
7,62 mm çaplı fırlanan 6 lüləli silah sistemi (6DNSS) üzrə istehsal müqaviləsinin imzalandığı və işlərin davam etdiyi qeyd olunub.
Yarımömür modernizasiya layihələri çərçivəsində gəmi və sualtı qayıqlarda komanda-idarəetmə, radar, radioelektron mübarizə və silah sistemlərinin milli imkanlarla yenilənməsi üzrə işlərin davam etdiyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az