İtaliyanın baş naziri Səudiyyə Ərəbistanına gözlənilməz səfər edib, vəliəhdlə danışıqlar aparıb

2025/03/1740898896.jpg
Oxunub: 353     19:06     03 Aprel 2026    
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman cümə günü İtaliyanın baş naziri Corcia Meloni ilə Qırmızı dəniz sahilində yerləşən Ciddə şəhərində görüşüb.

Ordu.az AFP agentliyinə istinadən xəbər verir ki, Meloni Səudiyyə Ərəbistanına səfərinə cümə günü başlayıb və bu səfər Yaxın Şərqdə müharibənin davam etdiyi şəraitdə “milli enerji təhlükəsizliyini” gücləndirmək məqsədi daşıyır.

Agentliyin mənbələrinin məlumatına görə, Meloni gözlənilməz səfərinə Ciddədən başlayıb. Bildirilib ki, o, fevralın 28-də müharibə başlayandan bəri regiona səfər edən Avropa İttifaqı və ya NATO ölkələrinin ilk lideridir.

Məlumata görə, baş nazirin Səudiyyə Ərəbistanı ilə yanaşı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri ilə də görüşü planlaşdırılır. Lakin onun bu iki ölkəyə səfər edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

Hər üç ölkə ABŞ-İsrailin İrana həyata keçirdiyi bombardmanlara cavab olaraq İranın pilotsuz uçuş aparatları və raket zərbələrinin hədəfinə çevrilib.

“Məqsəd bu ölkələrlə münasibətləri gücləndirmək və İtaliyanın İranın hücumlarına qarşı mübarizədə dəstəyini bir daha təsdiqləməkdir. Missiya eyni zamanda milli enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib”, - deyə mənbə qeyd edib.

Mənbə həmçinin bildirib ki, Fars körfəzi İtaliya üçün neft və qazın ən mühüm mənbələrindən biridir.

İtaliya enerji daşıyıcılarının idxalından ciddi şəkildə asılıdır və enerji qiymətlərindəki artımı narahatlıqla izləyir. Hökumət benzinin bahalaşmasının qarşısını almaq üçün mayın 1-dək yanacaq vergilərini azaltmışdı.

Meloni martın 25-də artıq İtaliyanın təbii qazının təxminən 30 faizini təmin edən Əlcəzairə səfər edib və qaz idxalını artırmağa çalışıb.

O, həmçinin ABŞ prezidenti Donald Trampa ən yaxın avropalı liderlərdən biri hesab olunur və Avropa ilə ABŞ-ni yaxınlaşdırmağa çalışır. Lakin Avropadakı müttəfiqləri kimi, Meloni də Trampı dəstəkləməsinə baxmayaraq, İtaliyanın hərbi əməliyyatlara qoşulmaq istəmədiyini dəfələrlə bəyan edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meloni   Fars-körfəzi  


Bizi "telegram"da izləyin