“Bloomberg”: ABŞ-nin müttəfiqləri Vaşinqtonsuz Hörmüz boğazının taleyini müzakirə edirlər

2026/03/1774244528.jpg
Oxunub: 429     14:53     03 Aprel 2026    
Hörmüz boğazı ilə bağlı konfransın iştirakçıları ABŞ İranla münaqişədən boğaz məsələsinə dair qərar qəbul etmədən çıxacağı təqdirdə Yaxın Şərqdə gəmiçiliyin tam bərpası üçün ehtiyat planı müzakirə edirlər.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Vaşinqtonun müttəfiqləri birlik nümayiş etdirmək və münaqişənin dayandırılması məqsədilə ABŞ-İran gələcək danışıqlarında gəmiçiliyin bərpasını təmin etmək istəyiblər. Daha əvvəl ABŞ-nin prezidenti Donald Tramp bildirmişdi ki, Hörmüz boğazı məsələsini onu neft daşınması üçün istifadə edən ölkələr həll etməlidir.

Konfrans Böyük Britaniyanın sədrliyi ilə videobağlantı formatında keçirilib. Ümumilikdə 41 ölkə iştirak edib. Liderlər belə nəticəyə gəliblər ki, atəşkəs əldə olunana qədər hərbi vasitələrə müraciət etməyəcəklər. Böyük Britaniyanın Xarici İşlər Nazirliyi konfransdan sonra yaydığı bəyanatda iştirakçıların İranın Hörmüz boğazından keçid üçün ödəniş tətbiq etmək ideyasını rədd etdiyini vurğulayıb.

İran hakimiyyəti daha əvvəl ABŞ, İsrail və İslam Respublikasına qarşı aqressiyanı dəstəkləyən ölkələrlə bağlı gəmilər üçün Hörmüz boğazını bağlamaq qərarı vermişdi. Münaqişə zamanı Tehran icazəsi olmadan boğazdan keçməyə çalışan bir neçə tanker hücuma məruz qalıb. 2026-cı il martın 25-də İranın xarici işlər naziri Abbas Araqçi bildirmişdi ki, İran dost ölkələrə, o cümlədən Rusiyaya, Hindistana, İraqa, Çinə və Pakistana Hörmüz boğazından keçməyə icazə verib. Daha sonra İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü Əlaəddin Borucerdi bəyan etmişdi ki, boğazdan keçən gəmilər ölkədə yaxın vaxtlarda qəbul ediləcək yeni qanuna uyğun olaraq ödəniş edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hörmüz  


Bizi "telegram"da izləyin