Türkiyənin milli müdafiə texnologiyaları Latın Amerikada nümayiş etdiriləcək

2026/04/1775212010.jpg
Oxunub: 432     14:22     03 Aprel 2026    
Türkiyənin müdafiə sənayesinin qabaqcıl şirkətlərindən biri olan STM hərbi dəniz platformalarını və pilotsuz sistemlərini Cənubi Amerikanın ən mühüm müdafiə sərgilərindən biri olan FIDAE 2026-da nümayiş etdirəcək.

Ordu.az xəbər verir ki, Türkiyənin “tam müstəqil müdafiə sənayesi” hədəfləri çərçivəsində qlobal bazarda ixrac yönümlü böyüməsini davam etdirən “STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət A.Ş” milli texnologiyalarını xaricə çıxarmağa davam edir.

FIDAE 2026 iştirakı

STM Latın Amerikanın ən nüfuzlu müdafiə tədbirlərindən biri olan və 33 fərqli ölkədən 300-dən çox iştirakçını qəbul edəcək Beynəlxalq Aviasiya və Kosmos Sərgisi FIDAE 2026-da iştirak edərək, regiondakı strateji mövcudluğunu möhkəmləndirməyi və yeni əməkdaşlıq imkanları yaratmağı hədəfləyir.

Dəniz platformaları və sistemlər

2026-cı il aprelin 7-dən 12-dək Çilinin paytaxtı Santyaqoda keçiriləcək sərgidə STM hərbi dənizçilik sahəsində əsas podratçısı olduğu və Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verdiyi MİLGEM “İstif” sinfinə məxsus layihənin ilk gəmisi, Türkiyənin ilk milli freqatı TCG İSTANBUL (F-515), Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən və 2018-ci ildə təhvil verilən Pakistan Dənizdə Təchizat Tankeri (PNFT), STM-MPAC hücum kateri və İnsansız Avtonom Sualtı Platforma STM NETA-nın maketlərini iştirakçılara təqdim edəcək.

PUA sistemləri və ixrac

Taktiki Pilotsuz Uçuş Aparatları (PUA) sahəsində isə dörd fərqli qitədə 15 ölkəyə ixrac edilən Türkiyənin ilk milli kamikadze PUA-sı KARGU, Türkiyənin inventarında olan və ixrac edilən müşahidə PUA-sı TOGAN və sursat buraxan PUA BOYGA da Çilidə nümayiş olunacaq.

Güləryüz: "44 hərbi gəmi layihəsindəki təcrübəmizi Latın Amerikaya daşıyırıq”

STM-in baş direktoru Özgür Güləryüz Türkiyənin müdafiə sənayesindəki bacarıqlarını iqtisadi əlavə dəyərə çevirən ixrac uğurlarına diqqət çəkərək bunları bildirib:

“STM olaraq, dövriyyəmizin mühüm hissəsini ixrac uğurlarımız formalaşdırır və türk mühəndisliyinin gücünü dünyanın müxtəlif bölgələrinə çatdırmağa davam edirik. Latın Amerika böyümə hədəflərimiz arasında yer alan və texnoloji həllərimizə marağın hər gün artdığı strateji bir regiondur. Çilidə keçirilən FIDAE 2026-nı yalnız məhsullarımızı nümayiş etdirdiyimiz platforma kimi deyil, eyni zamanda region ölkələri ilə texnologiya transferi və yerli istehsal yönəlmiş uzunmüddətli tərəfdaşlıqlar quracağımız bir tədbir kimi qiymətləndiririk. Bu günə qədər ölkə daxilində və xaricdə 11 fərqli gəmiqayırma zavodunda 44 hərbi gəmi platformasının inşasını və idarə olunmasını həyata keçirən STM qlobal arenada özünü Portuqaliya, Ukrayna, Malayziya və Pakistan kimi strateji bazarlarda sübut edib. Bu dərin təcrübəni və NATO standartlarına uyğun mühəndislik qabiliyyətimizi Latın Amerikanın müdafiə ehtiyaclarına yönəlmiş yeni əməkdaşlıq imkanları yaratmaq üçün Çiliyə daşımağı planlaşdırırıq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   STM  


Bizi "telegram"da izləyin