ABŞ və İsrailin İrana zərbələri: 2026-cı il aprelin 3-ü səhərədək Yaxın Şərqdə əsas hadisələr

2026/04/1775196061.jpg
Oxunub: 584     10:00     03 Aprel 2026    
Yaxın Şərqdə hərbi əməliyyatlar davam edir, bu isə regionda gərginliyi artırır və beynəlxalq narahatlıq doğurur. Tərəflərin qarşılıqlı zərbələri və cavab addımları yalnız region ölkələrinə deyil, həm də qlobal iqtisadi vəziyyətə təsir göstərməkdə davam edir.

Ordu.az Yaxın Şərqdə cümə axşamı axşam saatlarında baş verən əsas hadisələrin qısa icmalını təqdim edir.

İran Silahlı Qüvvələrinin Baş Qərargahının sözçüsü Əbülfəzl Şekarçi bildirib ki, Hörmüz boğazı ABŞ və İsrail üçün “uzun müddətə” bağlanacaq.

İranın İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-nin USS “Abraham Lincoln” aviadaşıyıcısına zərbələr endirildiyini açıqlayıb. Həmçinin qeyd olunub ki, “ABŞ-nin BƏƏ-də yerləşən bazası yaxınlığında amerikalı uçuş mühəndisləri və qırıcı pilotlarının gizli görüşü ballistik raketlərlə hədəf alınıb”. ABŞ-nin Mərkəzi Komandanlığı (CENTCOM) isə bildirib ki, USS “Abraham Lincoln” aviadaşıyıcısı fəaliyyətini davam etdirir və aviadaşıyıcı əsaslı təyyarələrin uçuşlarını həyata keçirir. Hazırda gəmi Ərəb dənizində döyüş tapşırıqları yerinə yetirir.

ABŞ-nin müdafiə naziri Pit Heqset Tehranın Yaxın Şərqdə ABŞ və İsrail hədəflərinə endirdiyi cavab zərbələrinin gücündən təəccüblənib. Bu barədə “Time” məlumat yayıb. Mənbələrdən birinin sözlərinə görə, Heqset “gözlənilməz vəziyyətə düşüb”.

Konnektikut ştatından demokrat senator Kris Merfi ABŞ prezidenti Donald Trampın İranla bağlı çıxışını şərh edərkən bildirib ki, ABŞ hərbi kampaniyada uduzur.

Donald Tramp isə Tehranın razılaşmaya getməyəcəyi halda İranda körpüləri və elektrik stansiyalarını məhv etməklə hədələyib. O, “Truth Social” sosial şəbəkəsində yazıb ki, ABŞ silahlı qüvvələri hələ İranda qalan hədəflərin məhv edilməsinə başlamayıb: “Növbəti hədəf körpülər, daha sonra isə elektrik stansiyalarıdır”. Tramp əlavə edib ki, İranın yeni rəhbərliyi “nə etməli olduğunu bilir və bunu tez etməlidir”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin