Ağ Evin vədlərinə baxmayaraq, ABŞ-də raket istehsalının artırılması İran müharibəsindən əvvəlki qrafik üzrə davam edir

2026/04/1775154015.jpg
Oxunub: 483     22:20     02 Aprel 2026    
Pentaqon yalnız PAC-3 MSE raketlərinin istehsalçıları ilə deyil, həm də onların əsas komponentləri, o cümlədən tuşlayıcı sistemlərlə işləyərək 7 il ərzində istehsalın üç dəfə artırılmasını təmin etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ Rusiya və İranın ballistik raketlərinə qarşı istifadə olunan önləyicilərin istehsalını artırmaq üçün 7 illik müddət ayırır. Bu yanaşma yalnız yığımı deyil, həm də bütün zəruri komponentlərin təminatını əhatə edir.

Pentaqonun açıqlamasına görə, Patriot PAC-3 MSE zenit raketləri üçün tuşlayıcı başlıqların istehsalının üç dəfə artırılması barədə razılaşma əldə olunub. Bu komponentlər “İsgəndər” və “Kinjal” kimi hədəflərin məhv edilməsində raketin effektivliyini təmin edən əsas elementlərdən biridir.

ABŞ Müharibə Nazirliyi vurğulayıb ki, bu razılaşma yeni yanaşmanı əks etdirir və silah komponentləri istehsalçıları ilə birbaşa əməkdaşlığı nəzərdə tutur. Bu isə təchizat zəncirinin uzunmüddətli etibarlılığını təmin edir.

2025-ci ildə “Boeing”in PAC-3 MSE üçün 650–700 ədəd tuşlayıcı başlıq istehsal etməsi planlaşdırılırdı və illik istehsal həcmi təxminən 750 ədəd səviyyəsində idi. Yeni razılaşmaya əsasən isə bu göstəricinin 7 il ərzində 2100 ədədə çatdırılması nəzərdə tutulur.

Bu, “Lockheed Martin” ilə mövcud olan yeddi illik çərçivə sazişinə uyğundur və həmin saziş raket istehsalının ildə təxminən 2000 ədədə qədər artırılmasını nəzərdə tutur. Yəni komponent istehsalı hazır məhsul planlarına uyğun şəkildə genişləndirilir.

Maraqlıdır ki, istehsalın artırılması istiqamətlərindən biri digər ölkələrə istehsal lisenziyalarının verilməsi məsələsidir. Tuşlayıcı başlıq yüksək həssas və unikal komponent olduğuna görə texnologiya transferi mürəkkəb məsələ hesab olunur.

Hazırda “Boeing” bu komponentləri yalnız ABŞ-də, Alabama ştatındakı müəssisəsində istehsal edir. Gələcəkdə başqa ölkələrin bu istehsala cəlb olunub-olunmayacağı və ya prosesin yalnız ABŞ sənayesi ilə məhdud qalacağı hələ məlum deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Raket  


Bizi "telegram"da izləyin