Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
ABŞ ordusu Qrenlandiyaya daha geniş çıxış əldə etmək üçün səylərini artırır. Bu, Prezident Donald Trampın Arktikadakı bu geniş adaya marağının azalmadığını göstərən açıq siqnaldır.
Məlumata görə, ABŞ Qrenlandiyada əlavə üç baza üçün Danimarka ilə danışıqlar aparır. Bu bazalardan ikisi əvvəllər amerikalılar tərəfindən tərk edilmiş obyektlərdir və bu addım onilliklər ərzində ABŞ-nin oradakı hərbi mövcudluğunun ilk genişləndirilməsi olacaq. Bunu Pentaqonun yüksək rütbəli generalı Qreqori M. Giyyo bildirib.
ABŞ Şimal Komandanlığının rəhbəri olan general Giyyo martın ortalarında Konqresdə keçirilən dinləmələrdə bildirib ki, hərbçilər “artan təhlükəni və Qrenlandiyanın strateji əhəmiyyətini nəzərə alaraq adadakı müxtəlif bazalara çıxışı genişləndirmək” istəyir.
“Mən departamentimiz və digər qurumlarla birlikdə daha çox liman, daha çox aerodrom inkişaf etdirmək üzərində işləyirəm ki, lazım gələrsə, bu, katibimiz və prezident üçün Arktikada daha çox imkan yaratsın”, - deyə general əlavə edib.
Pentaqon rəsmiləri adaya nə qədər hərbçi göndəriləcəyini açıqlamayıb. General Giyyo qeyd edib ki, hərbçilərə xüsusi əməliyyat qüvvələri və “dəniz qüvvələri” üçün bazalar lazımdır.
Sevinc Əliyeva
Ordu.az