Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
TÜBİTAK-ın 2025-ci il fəaliyyət hesabatına əsasən, TÜBİTAK BİLGEM tərəfindən hazırlanan SPPOD-L özünüqoruma podu TB2 platformasına inteqrasiya edilib və sistemin flar atış sınağı uğurla tamamlanıb.
SPPOD-L sistemi xüsusilə infraqırmızı tuşlamalı raketlərə qarşı qorunmanı təmin etmək məqsədilə hazırlanıb. Aşağı dalğa uzunluqlu infraqırmızı raket xəbərdarlıq sensorları və “flar” buraxıcıları ilə təchiz edilən pod, təhdidin aşkarlanması və əks-tədbirlərin tətbiqi imkanlarını vahid quruluşda birləşdirir. Bu inkişaf Türkiyədə ilk dəfə silahlı bir pilotsuz uçuş aparatının infraqırmızı tuşlamalı raketlərə qarşı aktiv özünüqoruma sistemi ilə təchiz olunması deməkdir.
Oxşar konsepsiya daha əvvəl yalnız ABŞ tərəfindən sınaqdan keçirilmişdi. 2021-ci ildə MQ-9 “Reaper” pilotsuz uçuş aparatı “GA-ASI” tərəfindən hazırlanmış özünüqoruma podu ilə sınaqlara cəlb olunmuşdu.
Digər tərəfdən, TÜBİTAK BİLGEM SPPOD-L-nin orta dalğa uzunluqlu infraqırmızı versiyası olan SPPOD-M üzərində də işlərini davam etdirir. Bundan əlavə, qurum radioelektron mübarizə sahəsində EHPOD-S (DRFM qarışdırıcısı), EDPOD-K (Radioelektron Dəstək Sistemi - ESM) və ETPOD (saxta hədəf taktikaları ilə radar aldatma sistemi) kimi üç fərqli podun hazırlanması istiqamətində fəaliyyət göstərir.
SPPOD-L-nin inventara daxil edilməsi ilə birlikdə Türkiyənin zərbə tipli pilotsuz uçuş aparatlarının özünüqoruma qabiliyyətləri həm radiotezlik, həm də infraqırmızı təhdidləri əhatə edəcək şəkildə genişləndirilib. Bu qabiliyyətlər ASELSAN tərəfindən hazırlanmış ANTIDOT radioelektron mübarizə pod ailəsi ilə birlikdə daha əhatəli müdafiə arxitekturası təqdim edir.
Sevinc Əliyeva
Ordu.az