Türkiyə HHQ nümayəndə heyəti C-130J Proqramı üçün “Marshall Aerospace”i ziyarət edib

2026/04/1775153304.jpg
Oxunub: 458     22:03     02 Aprel 2026    
Türkiyə Hərbi Hava Qüvvələri inventarına daxil edilməsi planlaşdırılan C-130J “Super Hercules” təyyarələri ilə bağlı həyata keçirilən işləri yerində araşdırmaq məqsədilə Birləşmiş Krallığa mühüm səfər edib.

Ordu.az xəbər verir ki, “Marshall Aerospace”in Kembricdə yerləşən mərkəzinə edilən səfər zamanı çoxillik dəstək proqramı çərçivəsində əldə olunan irəliləyiş ətraflı şəkildə müzakirə olunub.

Briqada generalı Volkan Ersun Acar və polkovnik-leytenant Halis Can Polatın rəhbərlik etdiyi heyət 2025-ci ilin sonunda başladılan və təyyarələrin xidmətə qəbul proseslərini əhatə edən müqavilə çərçivəsində görülən işləri yaxından müşahidə edib. Səfər çərçivəsində xüsusilə texniki xidmət və modernləşdirmə proseslərinin kritik mərhələlərinə diqqət yetirilib.

Heyət Türk Hərbi Hava Qüvvələrinə məxsus C-130J təyyarələri üzərində aparılan boya sökülməsi, texniki yoxlamalar, dərin texniki xidmət fəaliyyəti və konstruktiv hissələrin dəyişdirilməsi proseslərini yerində araşdırıb. Bu çərçivədə təyyarənin ən kritik konstruktiv hissələrindən biri hesab edilən və dəyişdirilməsi aylarla davam edə bilən orta qanad qutusunun söküldüyü bir təyyarə də ətraflı şəkildə qiymətləndirilib.

Bildirilib ki, “Marshall Aerospace” qarşıdakı illərdə də Türkiyə donanmasındakı digər C-130J təyyarələri üçün oxşar genişmiqyaslı konstruktiv yenilənmə işlərini davam etdirəcək. Proqramın Birləşmiş Krallığın Müdafiə Avadanlığı və Dəstəyi Qurumu (DE&S) ilə əməkdaşlıq şəraitində həyata keçirildiyi, texniki xidmət, ehtiyat hissələrinin təmini, avadanlıq dəstəyi və təlim proseslərini əhatə etdiyi qeyd olunub.

Şirkət rəsmiləri Türkiyə Hərbi Hava Qüvvələri və Milli Müdafiə Nazirliyi ilə sıx koordinasiya şəraitində çalışaraq Türkiyəyə müasir və beynəlxalq standartlara uyğun taktiki nəqliyyat donanması qazandırmağı hədəflədiklərini vurğulayıblar. “Marshall Aerospace”in həmin təyyarələrin satış prosesində də əsas pərakəndə tərəfdaş kimi iştirak etdiyi və texniki xidmət fəaliyyətlərini üzərinə götürdüyü bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Marshall-Aerospace  


Bizi "telegram"da izləyin