16 il və 8 milyard dollardan sonra ABŞ-nin yeni nəsil GPS sistemi işləmir

2026/04/1775152173.jpg
Oxunub: 516     21:46     02 Aprel 2026    
ABŞ-nin yeni nəsil GPS idarəetmə sistemi OCX 16 il və 8 milyard dollarlıq investisiyaya baxmayaraq hələ də istismara verilməyib. Layihə ilə bağlı ləğv daxil olmaqla kritik qərarlar gündəmdədir.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

ABŞ ordusunun ən kritik kosmik layihələrindən biri hesab edilən yeni nəsil GPS idarəetmə sistemi illərlə davam edən inkişaf prosesinə və milyardlarla dollarlıq investisiyaya baxmayaraq hələ də əməliyyat vəziyyətinə gətirilə bilməyib. Layihənin gələcəyi isə artıq ciddi şəkildə müzakirə olunur.

OCX sistemi gözləntiləri qarşılamadı

ABŞ Kosmik Qüvvələri ötən il 4 iyuldan əvvəl GPS 2Next-Generation Operational Control System” (OCX) adlı yeni nəsil idarəetmə proqramını rəsmi şəkildə qəbul edib. Bu addımdan sonra uzun müddət tənqid edilən proqramın nəhayət işlək hala gətiriləcəyi düşünülürdü.

OCX 30-dan çox GPS peykindən ibarət peyk qruplaşmasının komanda və idarəetməsini təmin etmək üçün hazırlanıb. Sistem 2018-ci ildən etibarən buraxılan GPS III peyklərinin yeni siqnallarını və müdaxiləyə davamlı xüsusiyyətlərini idarə edə bilən proqram təminatını ehtiva edir. Bundan əlavə, layihəyə iki əsas idarəetmə stansiyası, qlobal izləmə stansiyalarının modernləşdirilməsi və müxtəlif avadanlıq komponentləri də daxildir.

Lakin sistemin təhvil verilməsindən təxminən doqquz ay sonra belə OCX hələ də aktiv şəkildə istifadə olunmur.

Xərclər iki dəfə artdı

“RTX Corporation” (keçmiş adı ilə “Raytheon”) bu sistemi inkişaf etdirmək üçün 2010-cu ildə Pentaqondan müqavilə almışdı. Layihənin ilkin olaraq 2016-cı ildə tamamlanması və 3,7 milyard dollara başa gəlməsi planlaşdırılırdı. Lakin texniki problemlər və gecikmələr səbəbindən xərclər sürətlə artıb.

Hazırda yalnız GPS III peyklərinə aid yer segmentinin dəyəri 7,6 milyard dollara çatıb. Bundan əlavə, növbəti il buraxılması planlaşdırılan GPS IIIF peyklərini dəstəkləmək üçün hazırlanmış əlavə OCX komponenti 400 milyon dollardan çox vəsait tələb edir. Beləliklə, layihənin ümumi dəyəri 8 milyard dollara çatır.

ABŞ Kosmik Qüvvələrinə təhvil verildikdən sonra aparılan genişmiqyaslı sınaqlar gözlənilənin əksinə olaraq yeni problemlərin ortaya çıxmasına səbəb olub. Real peyklər, yer antenləri və istifadəçi avadanlıqları ilə keçirilən əməliyyat sınaqlarında bütün alt sistemlər üzrə ciddi nasazlıqlar aşkar edilib və onların əhəmiyyətli hissəsi hələ də aradan qaldırılmayıb.

ABŞ Hesablama Palatasının (GAO) araşdırmaları layihənin uğursuzluğunun arxasında zəif tədarük qərarları və proqram təminatının hazırlanması prosesində problemlərin gec aşkar edilməsi kimi amillərin dayandığını göstərib.

Alternativ sistemlər gündəmdədir

OCX-də yaranan gecikmələr səbəbindən ABŞ ordusu mövcud köhnə GPS idarəetmə sistemini yeniləyərək GPS III peyklərini idarə edə biləcək vəziyyətə gətirmək məcburiyyətində qalıb. 2020-ci ildə edilən yeniləmələr sayəsində xüsusilə hərbi istifadə üçün hazırlanmış M-code siqnallarının bəzi xüsusiyyətləri tətbiq edilib.

“M-code” döyüş meydanında artan müdaxilə və saxta siqnal təhdidlərinə qarşı daha dayanıqlı olması ilə seçilir. Bu siqnal quruluşu şifrələmə vasitəsilə saxta siqnalların real kimi qəbul edilməsini çətinləşdirir və ABŞ ilə müttəfiqlərinə üstünlük yaradır. Eyni zamanda düşmən tərəfin GPS istifadə imkanlarını məhdudlaşdırmağa şərait yaradır. Əvvəlcə bu inkişaf etmiş siqnalların təxminən 700 müxtəlif hərbi platformada tam istifadəsi üçün OCX-in işə düşməsi zəruri hesab olunurdu.

Proqram ləğv edilə bilər

Rəsmilər hazırda mövcud GPS idarəetmə sisteminin inkişaf etdirilməsinin real alternativ olduğunu qiymətləndirirlər. Kosmik Qüvvələr isə proqramın tam ləğvi daxil olmaqla müxtəlif ssenariləri nəzərdən keçirir.

RTX isə açıqlamasında layihənin böyük miqyaslı və son dərəcə mürəkkəb modernizasiya təşəbbüsü olduğunu vurğulayaraq, 2025-ci ildə əməliyyat qabiliyyətinə malik sistemin təhvil verildiyini və yaranmış problemlərin həlli üçün hökumətlə birgə işlədiklərini bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   GPS  


Bizi "telegram"da izləyin