Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Kazem Qəribabadi “Sputnik”ə verdiyi müsahibədə qeyd edib ki, Hörmüz boğazı əvvəllər müntəzəm dəniz naviqasiyası üçün açıq idi, lakin ABŞ və İsrailin son silahlı hücumları və aqressiyası təhlükəsiz keçidi pozub və ciddi problemlər yaradıb.
O bildirib ki, İran hazırda müharibə vəziyyətindədir və belə şəraitdə sülh dövrünün qaydalarının tətbiq olunacağını gözləmək real deyil. ABŞ, İsrail və onların müttəfiqləri ilə bağlı danışarkən qeyd edib ki, münaqişə nəticəsində təbii olaraq məhdudiyyətlər tətbiq olunub.
Kazem Qəribabadi əlavə edib ki, boğazda yaranmış vəziyyət bu aqressiv hərəkətlərin birbaşa nəticəsidir. O xəbərdarlıq edib ki, hətta müharibədən sonra da region yeni aqressiya aktları ilə üzləşə bilər və bəzi ölkələr hələ də müharibəni siyasət aləti kimi istifadə edir.
“Belə ssenarilərdə aqressorlara və onların müttəfiqlərinə məxsus istər mülki, istərsə də hərbi gəmilərin boğazdan keçməsinə icazə verilməyəcək”, - deyə o bildirib.
Qəribabadi vurğulayıb ki, bu yanaşma gələcək münaqişə vəziyyətlərində İranın əsas siyasətinin bir hissəsi olacaq. Eyni zamanda qeyd edib ki, sülh dövründə İran və Oman iki sahilyanı dövlət kimi koordinasiyalı səylərlə təhlükəsiz naviqasiyanı təmin etməyə sadiqdir.
O bildirib ki, normal şəraitdə boğazdan keçən bütün gəmilər əvvəlcədən İran və Oman hakimiyyət orqanları ilə fəaliyyətlərini razılaşdırmalı və təhlükəsizliyin təmin olunması üçün müvafiq icazələr almalıdır.
Qəribabadinin sözlərinə görə, bu sistemin əsas amillərindən biri də ətraf mühit və dəniz təhlükəsizliyi məsələləridir. Diplomat qeyd edib ki, İran və Oman təhlükəsiz keçidin təmin olunması üçün daha böyük məsuliyyət götürəcək və hazırda sülh dövründə naviqasiyanı tənzimləyən protokol layihəsi üzərində işləyir.
Qəribabadinin sözlərinə görə, bu protokol məhdudiyyət məqsədi daşımır, əksinə təhlükəsiz tranziti asanlaşdırmaq və gəmilərə daha keyfiyyətli xidmət göstərmək üçün mexanizm rolunu oynayacaq.
O əlavə edib ki, layihənin hazırlanması artıq son mərhələdədir və daxili proses tamamlandıqdan sonra İran Oman ilə rəsmi danışıqlara başlayaraq strateji su yolunda keçidi tənzimləyən birgə protokolu yekunlaşdıracaq.
Sevinc Əliyeva
Ordu.az